İndiyədək dünyada koronavirus infeksiyasının mutasiyaya uğramış 4 minə yaxın yeni növü aşkarlanıb. Novator.az-ın məlumatına görə, bunu Britaniya hökuməti açıqlayıb.
Hökumətin peyvəndlərin tətbiqi prosesinə nəzarəti həyata keçirən məsul nümayəndəsi Nadim Zahavi deyib ki, infeksiyanın yeni ştamları arasında daha çox narahatlıq doğuran Britaniya, Cənubi Afrika və Braziliya variantlarıdır, çünki bunlar digərlərindən daha sürətlə yayılır.
Nadim Zahavi vurğulayıb ki, mövcud vaksinlərin virusun yeni variantlarına qarşı yararlı olacağı ehtimalı yüksəkdir. O, vaksinlərin mutasiyaya uyğun təkmilləşdirilməsi üzərində intensiv iş aparıldığını qeyd edib.
COVİD-19-un sürətlə yayılan variantı ilk dəfə ötən ilin dekabrında Britaniyada aşkarlanıb. Britaniya variantını fərqləndirən xüsusiyyətlərdən biri onun N501Y adlanan mutasiyaya uğramasıdır.
N501Y – tikanlı proteinin reseptorla əlaqələndirmə sahəsinə (RBD), yəni virusun hüceyrəni bloklama nöqtəsinə təsir edən mutasiyadır.
Koronavirusun Cənubi Afrika variantı haqda da ilk məlumat ötən ilin dekabrında açıqlanıb. Virusun 501Y.V2 adlanan bu yeni ştam 2021-ci ildə Cənubi Afrikada yoluxmanın artmasına təkan verib.
Genomik ardıcıllıq bu formanın Britaniya variantından fərqləndiyini göstərsə də, hər ikisinin tikanlı proteinlərində N501Y mutasiyasının baş verdiyi qeyd olunur.
Peyvəndlərin koronavirus infeksiyasının bu növünə qarşı zəif effektinin olması barədə bəzi narahatlıqlar yaranıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, bəzi poliklonal və monoklonal antitellər vasitəsilə tikanlı protein mutasiyalarından birinin – E484K-nın təsirsiz hala gətirilməsinə dair bəzi sübutlar mövcuddur. Mərkəz virusun yeni formalarına qarşı peyvəndlərin təsirli olacağının şübhə doğurduğunu açıqlayıb.
Cənubi Afrikada aparılan son araşdırmaların nəticələrinə görə, infeksiyanın bu variantdakı digər dəyişikliklər da antitellərin virusu zərərsizləşdirməsinə problem yaradır.
Alimlərin fikrincə, bu həm təkrar yoluxmanın artmasına, həm də vaksinin effektivliyinə təsir edir.
Koronavirusun Braziliya variantı haqda ilk məlumatı 2021-ci ilin yanvarında Yaponiya hökuməti açıqlayıb. Açıqlamaya görə, Braziliyadan Yaponiyaya gələn dörd səyahətçidə koronavirusun yeni ştamı aşkarlanıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qeyd edib ki, P.1 adlandırılan ştam özündə 17 nadir amin turşusu dəyişikliyini və 3 delesiyanı birləşdirir.
Mərkəzin məlumatında deyilir ki, virusin Cənubi Afrika növünün tikanlı proteinində baş verən iki eyni dəyişiklik Braziliya variantında da baş verir və bunun vaksinlərə reaksiyası narahatlıq doğurur.
İngiltərə və Braziliya alimlərinin birgə tədqiqatının Virological.org saytında dərc olunan nəticələrinə görə, ötən il dekabrın 15-dən 23-dək Braziliyanın Manaus şəhərində araşdırılmış koronavirus nümunələrinin 42 faizində P.1 ştamı aşkarlanıb.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 203 ölkə, ərazi və məkanda 2 milyon 328 mindən çox adamın ölümünə səbəb olub.
Mənbə: Jpost.com