2021-ci ilin dövlət büdcəsindən xarici borca xidmət üçün 2 milyard 31,7 milyon manata yaxın vəsait ayrılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, bu, əvvəlki illə müqayisədə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir: “Bu məbləği əslində icraçılar – “Azərsu” ASC, “Azərenerji” ASC, AZAL, “Azərbaycan Dəmir Yolları” QSC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və başqaları qaytarmalı idi, amma yük büdcənin – yəni vergi ödəyicilərinin boynuna düşür. Borc ödəməyə ayrılan məbləğ hesabına pensiyaları azı 50 faiz artırmaq olardı. Hazırda 1 milyon 160 min nəfərin pensiyasının 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır, bu da xarici borca xidmət xərclərindən 5 dəfəyədək azdır.
2019-cu il iyulun 1-nə olan rəsmi hesabata görə, 8 milyard 920 milyon dollarlıq xarici borcun 3 milyard 725,2 milyon dolları 10 ilə qədər, 4 milyard 740,2 milyon dolları 10 ildən 20 ilə qədər, 454,6 milyon dolları 20 ildən artıq müddətə qaytarılmalıdır. Bu o deməkdir ki, dövlət məmurlarının villaya, qızıla, brilyanta, ailə biznesinə və səyahətlərinə xərclədiyi, xarici banklarda depozitə qoyduğu xarici borcları yalnız biz deyil, gələcəkdə övladlarımız da onların əvəzindən qaytaracaq”.
1 yanvar 2020-ci ilə Azərbaycanın xarici borcu 9 milyard 91 milyon dollar göstərilib. Qubad İbadoğlu yazır ki, həmin müddətə Maliyyə Nazirliyi üzrə faktiki xarici borc 3 milyard 541,3 milyon dollar, Kənd Təsərrüfatı Nazirliyi üzrə 191,3 milyon dollar, İqtisadiyyat Nazirliyi üzrə 147,4 milyon dollar olub.
Faktiki xarici borc Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə 1 milyard 872,6 milyon dollar, “Azərsu” ASC üzrə 970,3 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC üzrə 885,8 milyon dollar, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə 389,9 milyon dollar, Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə 199,4 milyon dollar, başqa dövlət qurumları üzrə ümumilikdə 893 milyon dollar məbləğində rəsmiləşib.
Maliyyə Nazirliyinin 2020-ci il iyulun 1-nə olan rəsmi hesabatına əsasən, dövlət müəssisələrinin borclarına verilmiş zəmanətlər üzrə şərti öhdəliklər nəzərə alınmaqla xarici borc 8 milyard 958,2 milyon dollar olub.