Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə təsdiqlənib. Sənədə əsasən, bu təsisatın qurulduğu bölgələrdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları fəaliyyətlərini xüsusi nümayəndə ilə əlaqələndirməlidir.
Nümayəndəliyin fəaliyyət istiqamətləri bunlardır: müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun inkişafını təmin etmək; ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; prezidentin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Novator.az-ın məlumatına görə, yeniliyi şərh edən Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır: “Ümid edirəm ki, bu, müvəqqəti qərardır, yerli icra hakimiyyətlərinin tam ləğvini hazırlamağa zaman qazanmaq üçündür. Əks halda belə ikitirəlik, ikihakimiyyətlilik ən çox elə vətəndaşa, biznesə ziyan vuracaq, orqanlar problemi bir-birinin üzərinə atacaqlar.
Hökumət gec-tez həmişə biz deyənə gəlir, amma məmləkət zaman itirir, zaman isə qızıla bərabərdir. Konstitusiya komissiyası yaratmalı, sıfırdan oyun qaydaları müəyyən etməli, işlək institutlar qurmalı, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edib yerli özünüidarə institutunu gücləndirməliyik.
Ölkədə 12-15 iqtisadi bölgə təsis etmək gərəkdir. Prezident bölgələrə öz nümayəndəsini təyin etsin, hökuməti parlament qursun, sosial-iqtisadi məsələlərə kabinet baxsın, xarici siyasət, təhlükəsizlik, ordu, hüquq mühafizə sahəsi prezidentin nəzarətində olsun.
Bir nəfərdən asılı sistem effektiv çalışa bilməz, bir nəfərə səlahiyyət veriləndə məsuliyyət də bir nəfərin üzərində olacaq. İndi səlahiyyətin və məsuliyyətin şəxslər deyil, institutlar arasında proporsional bölünməsi zamanıdır. Dayanıqlı ölkə qurmağın, əsl sabitliyin yolu budur.
Hakimiyyət yeni konstitusiya üçün komissiya qursa, biz əlimizi daşın altına qoymağa, birgə çalışmağa hazırıq”.