İqtisadçı Samir Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) suallar ünvanlayıb.
Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, satışı və başqa məsələlərlə məşğul olan Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu il yanvarın 23-də qurumun Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.
Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev yazır: “Marja.az saytında SOCAR-ın hökumətə yeni strategiya təqdim etdiyini oxudum. Qeyd edilir ki, şirkətin bu vaxtadək iki strateji sənədi olub. İlk strategiya 2005-2010-cu illəri, növbətisi 2011-2025-ci illəri əhatə edib. İndi 2035-ci ilə qədər dövrə aid üçüncü strategiya sənədinin hazırlandığı bildirilir.
SOCAR-ın rəsmisi İbrahim Əhmədov Marja.az-a açıqlamasında deyir ki, qurumun inkişaf strategiyasının olmaması iddiaları əsassızdır və bu cür iddiaları irəli sürməzdən əvvəl ictimaiyyətə açıq olan hesabatlarla tanış olmaq gərəkdir.
Şirkətin rəhbəri Rövnəq Abdullayevin də strategiya sənədinin olması barədə açıqlamalarını xatırlayıram. Amma neçə ildir SOCAR-ın saytını ələk-vələk edirəm, hər hansı sənədə rast gəlməmişəm. Rast gəldiyim ancaq sənədin olması xəbəridir. Sənədin adı var, özü yoxdur. Yaxud da ictimaiyyətə açıqlanmır.
Niyə başqa ölkələrin, o cümlədən Rusiya və Qazaxıstanın eyni profilli dövlət şirkətlərinin strateji sənədlərini tapmaq olur, BP kimi transmilli şirkət bunu hətta dünyaya təqdim edir, ancaq SOCAR fərqli davranır?
Mənə maraqlıdır: SOCAR yaxın 20 ili necə görür? Bərpa olunan enerjinin payının artması fonunda hansı qabaqlayıcı addımları atır? BP profilini dəyişərək yaşıl enerjiyə konsentrasiya olub. Bəs SOCAR hansı addımı atıb?
Son illər SOCAR-ın əsas fəaliyyəti neft emalı zavodunun tikintisinə, qazlaşdırma fəaliyyətinə, yanacaqdoldurma məntəqələrini tikintisinə yönəlib. Ən yaxşı halda Azərbaycanda qeyri-neft sektoruna daxil olaraq ən böyük qeyri-neft ixracatçısına çevrilib, İsveçrədə yaratdığı şirkət isə neft məhsulları satır. Sabah neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyi necə olacaq? Suallar çoxdur, onlara cavab tapmaq üçün şirkətin strateji sənədini görməliyik. Həmin sənədin isə ancaq adı var”.