Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 fevral məlumatına görə, Füzuli rayonundan Şuşa şəhərinə magistral avtomobil yolunun tikintisi davam etdirilir: “Yeni layihəyə əsasən, çətin relyefli ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84,6 kilometr olacaq.
4 və 6 hərəkət zolaqlı Füzuli-Şuşa avtomobil yolu iri yaşayış məntəqələrindən, həmçinin Topxana meşəsindən yan keçməklə salınır.
Layihədə Şuşanın İsa bulağınadək əlavə 2 kilometrlik yolun inşası da var. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tuneldən keçəcək.
Füzuli-Şuşa avtomobil yolunu inşasına start verilən Füzuli hava limanı ilə əlaqələndirmək məqsədi ilə yol qovşağının və aerovağzala giriş yolunun inşası da nəzərdə tutulur.
Hazırda yolun 0-3, 34-37 və 51-53-ci kilometrlik hissələrində torpaq yatağının inşası yekunlaşıb.
Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması planlaşdırılır”.