Dövlət Təhlükəsizliyi Xidmətinin 4 fevral məlumatına görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cinayət məsuliyyətinə cəlb olunub: “Səlim Müslümovun nazir işlədiyi müddətdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətlərinin və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar araşdırılıb.
Toplanmış materiallar əsasında başlanan cinayət işi üzrə Səlim Müslümovun dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsini almasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin Səlim Müslümovun Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlamalarının nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda daxili nəzarət şöbəsinin ərazi strukturlarında apardığı yoxlamaların nəticələri ilə bağlı onun müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Səlim Müslümov 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olub. 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fonduna sədrlik edib. Əvvəlki illərdə Maliyyə Nazirliyində idarə rəisi, Dövlət Gömrük Komitəsində sədr müavini postlarını tutub.
İqtisad elmləri doktorudur.