Prezident İlham Əliyev Rəhman Tofiq oğlu Hacıyevi Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edib. Sərəncam fevralın 4-də verilib.
Nizamnaməyə görə, fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Novator.az bildirir ki, prezidentin 4 yanvar fərmanı ilə yaradılmış qurumun Müşahidə Şurasında bu şəxslər var:
Mikayıl Cabbarov – iqtisadiyyat naziri
Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı
Fatma Yıldırım – Milli Məclisin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – xalq artisti.
Qarabağ Dirçəliş Fondu yaradıldı
Qarabağ Dirçəliş Fondunun nizamnaməsi
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kəndi və qəsəbəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya hərbçilərinin nəzarətindədir.