İşğalçı Dağlıq Qarabağ rejiminin sabiq “müdafiə naziri”, general-leytenant Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin olunub. Novator.az bildirir ki, xəbəri fevralın 4-də Armeniasputnik.am saytı yayıb.
1974-cü il təvəllüdlü Cəlal Arutyunyan işğalçı orduda 1992-ci ildən qulluq edib. 2020-ci il fevralın 24-dən “nazir” olub. Son Qarabağ döyüşlərində yaralandığı üçün 2020-ci il oktyabrın 27-də postdan götürülüb.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.
1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.