Koronavirus müəmmaları – “Le Temps”
- 01 Fevral 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Bir ildən çoxdur koronavirus infeksiyası dünyanı cənginə alıb. Amma hələ də bu məsələ ilə bağlı bir sıra vacib suallar cavabsız qalıb.
Novator.az xəbər verir ki, İsveçrənin “Le Temps” qəzetində koronavirus pandemiyasının müəmmaları haqda yazı dərc olunub. Məqalənin müəllifləri qəzetin əməkdaşları Fabyen Qube, Silviya Lojan və Paskalina Minedir.
Jurnalistlər COVİD-lə bağlı bir neçə müəmmanı sadalayıblar.
Koronavirus epidemiyasının necə baş qaldırdığı bilinmir
SARS-CoV-2 virusunun ilk dəfə Çində yarasalarda aşkarlanması hələ ki, ehimal olaraq qalır. Məməlilər sinfinə aid olan yarasalarda koronavirusun bir çox növü var. Onlardan bəzisi əvvəllər də insanlar arasında yayılaraq epidemiya doğurub. Məsələn, 2002-ci ildə SARS-CoV-1 virusu yayılıb.
Virus insana başqa bir canlıdan keçməlidir. Amma 2019-cu ildə ortaya çıxan SARS-CoV-2 virusunun insanlara hansı canlıdan keçdiyi indiyədək bəlli deyil. Virusun mənşəyinə dair axtarışlar hələ bir nəticə verməyib. Yoluxmanın başlanğıc nöqtəsi kimi Çinin Uhan şəhərindəki bazar göstərilir. Amma bazarda satılan heyvanlar üzərində aparılmış müayinələr virusun mənşəyini müəyyən edə bilməyib.
Virusoloq Etyen Dekroli bildirir ki, virusun genomu tapılmayana qədər SARS-CoV-2 infeksiyasının mənşəyi bilinməyəcək. Virusoloqun sözlərinə görə, koronavirisun təsadüfən laboratoriyadan sızması versiyasını da qırağa qoymaq olmaz.
Virusun necə ötürüldüyü bəlli deyil
Ötən ilin yayından dünya mediasında virusun necə ötürüldüyünə dair bir neçə iri araşdırmanın nəticələri dərc olunub. Nəticələr fərqlidir. Məsələn, virusoloq Valeriya Kanü iddia edir ki, virus əsasən tüpürcək vasitəsilə yayılır, onun hava-damcı yolu ilə keçmə ehtimalı çox azdır.
Valeriya Kanü onu da qeyd edir ki, koronavirusun B.1.1.7 və V2 də daxil olmaqla genetik növləri daha yoluxucudur. Amma bu növlər də ötürülmə qaydalarını dəyişmir: “Virusun ştamları ona görə daha yoluxucudur ki, hüceyrə reseptorlarına daha çox yapışa bilir. Ona görə yeni formaların meydana çıxması yoluxma sayını artırır. Ancaq virusun ötürülmə yollarının hansısa istiqamətdə dəyişdiyinə dair kifayət qədər sübut yoxdur”.
İmmunitetin nə qədər davam gətirdiyi bilinmir
Koronavirusa yoluxmuş insanların 95%-də antitel, yəni ummunitet yaranır.
Amma bu məslədə də fərqli nəticələr var. Cenevrəli infeksionist Polina Vetter bildirir ki, SARS-CoV-2 infeksiyasına qarşı antitelin titrləri xəstəliyin ağırlığından asılıdır.
İnfeksionistin sözlərinə görə, onun çalışdığı universitetin laboratoriyasında bu yaxınlarda aparılan tədqiqat göstərib ki, xəstəliyi yüngül keçirmiş pasiyentlərdə yarım ildən sonra da antitel aşkarlana bilər.
Palina Vetter qeyd edir ki, təkrar yoluxmanın qarşısını almaq üçün hansı həcmdə antitelin lazım olduğu hələ bilinmir.
Virusun kimlər üçün daha ölümcül olduğu bilinmir
Müəmmalardan biri də koronavirus infeksiyasının hansı yaş qrupları üçün ölümcül olması ilə bağlıdır.
Cenevrə Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Antuan Flao hazırda COVİD-19 infeksiyasından ölüm nisbətinin virusa yoluxanların 0,5%-1%-i qədər olduğunu deyir.
Qəbul edilmiş ümumi bir fikir var idi ki, ölüm halları yaşla sıx bağlıdır. Həqiqətən də 80 yaşını haqlamış insanların 25-50 faizi üçün bu virus ölümcül olub. 50-70 yaş arası insanlarda ölüm sayı 10 faiz təşkil edir. Amma məsələ burasındadır ki, infeksiyadan həyatını itirən 50-70 yaş arası insanlar həm də şəkərli diabet, hipertoniya, piylənmə kimi yanaşı xəstəliklərdən əziyyət çəkiblər.
Antuan Flao 50 yaşınadək insanlar arsında virusa yoluxan hər 1000 nəfərdən birinin öldüyünü və bu rəqəmin qripdən ölənlərin sayına yaxın olduğunu vurğulayır.
Amma… Virusun uşaqlar üçün təhlükəli olmaması fikri də yanlış çıxıb. Antuan Flao ötən ilin sonunda dərc olunmuş nəticələrə əsaslanaraq uşaqlar arasında COVİD-19 infeksiyası üzündən ölənlərin sayının mövsümi qripdən ölənlərlə müqayisədə 10 dəfə çox olduğunu qeyd edir.
Virusu hansı dərmanla müalicə etməyin doğru olduğu hələ bilinmir
Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən xəstələrə “Deksametazon” təyin olunur.
Amma başqa müalicə üsulları da var.
Üstəlik, yeni müalicə metodları gözlənilir.
Farmakoloq, toksikoloq Karolina Samer monoklonal antitel terapiyası üzrə klinik sınaqların nəticəsini gözlədiyini bildirir. O, gələcəkdə koronavirusun “İvermektin” (parazitlərə qarşı) və “Kolxitsin” (soyuqdəyməyə qarşı) kimi dərmanlarla müalicəsinin nəzərdə tutulduğunu, amma hələ ki, bundan ötrü kliniki dəlillərin kifayət etmədiyini deyir.
Niyə pasiyentlərin bəzisinin virusu çox ağır, bəzisinin isə çox yüngül keçirdiyi bilinmir
Koronavirus xəstəliyi gah ciddi fəsadlara yol açır, gah da zərərsiz ötüşür.
Müəyyən dəlillər pasiyentlərin vəziyyətinin immun reaksiyasından asılı olduğunu göstərir. Bir müddət “sitkoin fırtınası” versiyası üstünlük təşkil edirdi. Bu versiya iltihab zamanı hüceyrədə siqnal verən zülalların həddindən artıq aktivləşməsi ilə izah olunur. İndi orqanizmin özünə qarşı yönəlmiş müəyyən antitellərin rolu da əsas götürülür. Onlar autoantitel adlandırılır.
Peyvəndlərin koronavirusun mutasiyaya uğramış variantlarına qarşı nə dərəcədə effekt verdiyi bilinmir
SARS-CoV-2 virusu mutasiyaya uğrayır, virusun yeni növləri ortaya çıxır. Mövcud peyvəndlərin yeni növlərə qarşı nə dərəcədə effekt verdiyi bəlli deyil. Bəzi peyvəndlərin yeni ştamların öhdəsindən gəldiyi bildirilir. Amma dünyanın müxtəlif yerlərində virusa qarşı müxtəlif peyvəndlər tətbiq olunur. Ona görə peyvənd olunmuş və ya xəstəliyin ilk növünə yoluxmuş insanlarda immunitet formalaşsa da, bu müqavimət onları virusun bütün formalarından qorumaya bilər.
Ev heyvanlarının insanları yoluxdurub-yoluxdurmadığı bilinmir
Ev heyvanlarının insanları yoluxdurub-yoluxdurmadığı da suallardan biridir. SARS-CoV-2 virusu itlərdə, pişiklərdə, habelə zooparkda saxlanan heyvanlarda (pələng, şir, meymunlar) aşakarlanıb. Amma virusun insandan heyvana, yoxsa heyvandan insana keçdiyi bilinmir.
Pandemiyanın nə ilə bitəcəyi bəlli deyil
Bəzi mütəxəssilər deyirlər ki, pandemiyanın qarşısı alınmasa, yeni ciddi fəsadlar ortaya çıxa bilər. Bəziləri isə məsələyə nikbin yanaşır, koronavirusun mövsümi xarakter daşıdığını, bu ilin yazına qədər zəifləyəcəyini, yayda isə peyvəndlənmə sayəsində ona qarşı kütləvi immunitet formalaşacağını deyirlər. Amma hətta optimistlər də koronavirusun qrip kimi hər müvsümdə təkrarlana biləcəyini istisna etmirlər.
Mənbə: Letemps.ch