Milli Məclisin 1 fevral iclasında Konstitusiya Məhkəməsinə yeni hakim təyin edilib: Humay Elçin qızı Əfəndiyeva.
Humay Əfəndiyeva yazıçı Elçinin qızıdır. 1975-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bu təyinata qədər Konstitusiya Məhkəməsi Aparatının cinayət və inzibati hüquq şöbəsinin müdiri postunu tutub. Hüquq üzrə fəlsəfə doktorudur, “Dövlət qulluğunda fərqlənməyə gorə” medalı ilə təltif olunub.
1998-ci il iyulun 14-də yaradılmış Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Hakimlər prezidentin təqdimatı ilə təyin olunur.
Humay Əfəndiyeva Südabə Həsənovanı əvəzləyəcək. 1947-ci il təvəllüdlü Südabə Həsənova pensiyaya çıxıb. O, 2005-ci ildən Konstitusiya Məhkəməsinin hakimi idi.
Konstitusiya Məhkəməsinə Fərhad Abdullayev sədrlik edir. Sədr müavini postunu Sona Salmanova tutur.
Digər hakimlər bu şəxslərdir: Rafael Qvaladze, İsa Nəcəfov, Mahir Muradov, Ceyhun Qaracayev, Kamran Şəfiyev, Rövşən İsmayılov.
Qanuna əsasən, Konstitusiya Məhkəməsinin hakimi 15 il müddətinə təyin edilir. Hakim vəzifəsinə təkrarən təyinat yasaqdır.
Vəzifədə olmağın yaş həddi 70 yaşdır. 70 yaşına çatmış hakim yeni hakim təyin olunanadək vəzifədə qalır.
İndiki hakimlərin dördü 15 ildən çoxdur Konstitusiya Məhkəməsində təmsil olunur.
Sona Salmanova və Rafael Qvaladze 1998-ci ildə, İsa Nəcəfov 2002-ci ildə, Fərhad Abdullayev 2003-cü ildə təyinat alıb.
Novator.az bildirir ki, ana qanuna görə, Konstitusiya Məhkəməsi prezidentin, parlamentin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında bu məsələləri həll edir:
1) Azərbaycan qanunlarının, prezidentin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının konstitusiyaya uyğunluğu;
2) Prezidentin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan qanunlarına uyğunluğu;
3) Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının prezidentin fərmanlarına uyğunluğu;
4) Ali Məhkəmənin qərarlarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına, prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də bölgə konstitusiyasına, qanunlarına və yerli Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin konstitusiyaya uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin ana qanuna və ölkə qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, bölgənin Nazirlər Kabinetinin qərarlarının Azərbaycan qanunlarına, prezidentin fərmanlarına və Azərbaycanın Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
Konstitusiya Məhkəməsi prezidentin, parlamentin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Konstitusiyasını və qanunlarını şərh edir.
Vətəndaşlar qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilər.
Məhkəmələrin Konstitusiya Məhkəməsinə Azərbaycan Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında müraciət hüququ var.
İnsan hüquqları üzrə müvəkkili hüquq və azadlıqları pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.