“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müraciətinə baxan Tarif (qiymət) Şurası fevralın 1-dən əhali üçün bir kubmetr suyun qiymətini Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 70 qəpiyə, digər inzibati ərazi vahidlərində 60 qəpiyə, bir kubmetr tullantı suyunun axıdılması xidmətinin qiymətini ölkə üzrə 30 qəpiyə qaldırıb.
2016-cı il mayın 16-dan bir kubmetr su Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 35 qəpiyə, digər inzibati ərazi vahidlərində 30 qəpiyə satılıb, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik olub.
“Azərsu” qiymət artımı üçün müraciətində bildirib ki, su təchizatının əhatə dairəsinin genişləndirilməsi, yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artıb, həmçinin işçilərin sayının və əmək haqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər xərcləri qarşılamır, xərclərin ödənməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır.
Qeyd olunur ki, tarif dəyişikliyi nəticəsində “Azərsu”nun dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait sosial yönümlü tədbirlərə yönəldiləcək.
2016-cı il mayın 16-da aparılan qiymət tənzimlənməsindən sonra abonentlərin sayının 200 mindən çox artdığı, su təchizatının əhatə dairəsinin 50%-dən 70%-ə, fasiləsiz su təchizatının 65,6%-dən 70,5%-ə yüksəldiyi vurğulanır.
Novator.az-ın məlumatına görə, iqtisadçı Azər Mehtiyev yazır ki, 2015-ci ilin sonuna “Azərsu” ASC-nin balans zərərinin məbləği 5 milyard manat olub: “2016-cı ilin mayında suyun qiyməti artırılıb. 2015-ci ilin sonuna şirkətə əvəzsiz verilmiş dövlət investisiyalarının məbləği 4,3 milyard manat, 2019-cu ilin sonuna 6,9 milyard göstərilib.
2019-cu ilin sonuna ASC-nin balans zərərinin məbləği 7 milyard manata yüksəlib. 2020-ci ilin hesabatı hələ yoxdur. Amma yəqin ki, şirkətin zərəri daha da artmış olar: ən azı ona görə ki, ilin son 3 ayında işğaldan azad edilmiş ərazilərdə “daxili mənbələr” hesabına su infrastrukturunun bərpasına başlanıb.
Hökumətin dövlət şirkətlərinə büdcədən böyük pullar ayırmaq imkanı yoxdur. Buna görə də suyun qiymətinin qalxması gözlənən idi. Digər dövlət şirkətlərinin də eyni addımı atacağı istisna olunmur.
Amma bir şey var ki, suyun qiyməti artırıldıqca “Azərsu”nun zərəri də artır. Deməli, problem heç də yalnız suyun qiymətində yox, “quyunun dibi”ndə, yəni şirkətin bədxərc fəaliyyətindədir. Bütün dövlət şirkətlərinin xərcləri çox şişirdilir. Dövlət bu xərcləri “investisiya” adı altında subsidiyalaşdıra bilməyəcəyindən məsələ “daxili mənbələr”in üzərinə keçir. Bu halda hələlik əsas hədəfdə olan “daxili mənbə” müştərilərdir.
Hökumət 15 ildir ki, dövlət şirkətlərinin islahatından danışır, amma hələlik ortada ciddi bir şey yoxdur”.
İqtisadçı Samir Əliyev yazır ki, qiymət artımı üçün göstərilən əsaslar qüsurludur: “Məsələn, 2016-cı ildən bəri “Azərsu” ASC-nin elektrik enerjisi xərcləri 40% artıb. Şirkətdə əməkhaqqı fondunun artımı 30% olub. Belə olan halda suyun qiyməti niyə 100% artırılır? Deməli, səbəb bu deyil.
Əsl səbəb bu cümlədə əksini tapıb: “Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq”. Bu vaxtadək tənzimlənən qiymətlərin artırılması dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilib. Ancaq bunu hələ də görmürük. Büdcədən milyardlarla vəsait kommunal sektora yönəldilir, asılılıq isə bitmir. Ona görə bitmir ki, kommunal xidmət göstərən şirkətlər şəffaf işləmir, ictimaiyyət üçün qapalıdır, idarəetmə səmərəsizdir. Qiymətin 2 dəfə artırılması da asılılığı azaltmayacaq. 2-3 ildən sonra eyni əsaslandırmanı göstərməklə qiymət artımına gedəcəklər.
Şuranın başqa əsaslandırması abonentlərin sayının 200 mindən çox artması, su təchizatının əhatə dairəsinin 50%-dən 70%-ə, fasiləsiz su təchizatının 65,6%-dən 70,5%-ə yüksəlməsidir. Əvvəla, əhatə dairəsinin artımı birmənalı olaraq dövlət vəsaitləri hesabına baş verib. “Azərsu” abunə pulu ilə infrastruktur yaratmayıb. Digər tərəfdən abunəçilərin sayının artması “miqyas effekti” yaradır. Yəni abunəçi sayı artdıqca suyun maya dəyəri də azalır. Nəzərə alaq ki, “Azərsu” kəndlərə, xüsusən də ucqar kəndlərə xidmət göstərmir, ancaq rayon mərkəzlərini su ilə təmin edir”.