Yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyanatının bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək.
AZƏRTAC-ın məlumatına görə, açılış mərasiminə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin qatılıblar.
Monitorinq Mərkəzinin sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati otaqlar, yaşayış otaqları, müşahidə mərkəzi, brifinq zalı, yeməkxana, tibb məntəqəsi və başqa obyektlər var.
Mərkəzin türkiyəli heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı heyətinə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Yanvarın 30-da prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng vuraraq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı təbriklərini çatdırıb. Dövlət başçıları mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə də zəng edərək eyni məzmunda söhbət aparıb. Söhbət zamanı üçtərəfli bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası üçün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən 30 yanvar görüşünün əhəmiyyəti qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən iclasda tərəflər daşınmalar, daşımaların təhlükəsizliyinin, eləcə də onlara sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert altqruplarının yaradılması barədə qərar qəbul ediblər. Görüş iştirakçıları fevralın 2-dək altqrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər.
İşçi qrupun növbəti iclası da Moskvada keçiriləcək. İclasın vaxtı həmsədrlərlə razılaşdırılacaq.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Razılaşma həmçinin Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlı mərkəz yaradılmasını, hərbi əsirlərin, girovların, həlak olanların meyitlərinin dəyişdirilməsini, köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasını, bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.
Bu il yanvarın 11-i Moskvada görüşən İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin daha bir bəyanat imzalayıblar. Bəyanata əsasən, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. İşçi qrupa nəzərdə tutulan işlərin əsas istiqamətlərinin siyahısını formalaşdırmaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını, həmçinin hər üç tərəf arasında razılaşma əsasında digər istiqamətləri müəyyən etmək həvalə olunub.