Rusiyanın indiki hakimiyyətinin sevimli silahına çevrilən, müxalifyönlü şəxslərə, siyasi və hərbi opponentlərə qarşı sui-qəsdlərdə istifadə olunan “Noviçok” maddəsini yaradanlardan biri Leonid Rink çoxlarını təəccübləndirən açıqlama verib.
Novator.az-ın məlumatına görə, Leonid Rink koronavirusa qarşı “İmmofon” adlı dərman ixtira etdiyini söyləyib.
Rusiyanın “RİA-Novosti” agentliyinə açıqlamasında Leonid Rink deyib ki, yeni dərman sovet dövründə istehsal olunmuş “Diusifon” dərmanının bazasında hazırlanıb.
Rinkin sözlərinə görə, “Diusifon”un tərkibi təkmilləşdirilib. “Diusifon” suda və qanda çətin həll olunur. Rink bildirib ki, “İmmofon”da bu problem aradan qaldırılıb. Eyni zamanda “İmmofon” virus əleyhinə güclü dərman sayılan “Dapson”la sintez edilib.
Yeni dərmanda digər əlavələrin də olduğunu vurğulayan Rink iddia edib ki, “İmmofon” bütövlükdə viruslu xəstəliklər əleyhinə əla vasitə olacaq: “Bu dərman immun sistemini, hüceyrələri bərpa edir, immun sisteminin “sitokin fırtınası” adlanan, orqanizmin məhvinə yönəlmiş reaksiyasının qarşısını alır. Məlum olduğu kimi mütəxəssislər koronavirusdan ölüm hallarının əsas səbəblərindən birini “sitokin fırtınası”nda görürlər”.
Leonid Rinkin sözlərinə görə, artıq yeni dərman 700 nəfər könüllü üzərində uğurla sınaqdan keçirilib. Könüllülər yaşlı şəxslər olublar. İxtiraçı vurğulayıb ki, sınaqlar zamanı heç bir ağırlaşma, yaxud ölüm baş verməyib.
Leonid Rink “İmmofon”dan həm koronavirusa, həm də başqa xəstəliklərə, infeksiyalara qarşı istifadə olunmasına rəsmən icazə verilməsi, yeni dərmanın bazara çıxarılması üçün Rusiyanın Səhiyyə Nazirliyi ilə danışıqlar apardığını açıqlayıb.
Leonid Rink hazırda “İnterVita” regionlararası ticarət-sənaye birliyinin sahibidir. Yeni dərmanın sınaq məqsədilə istehsalı bu şirkətdə həyata keçirilir.
Rink qeyd edib ki, Rusiyada kimyəvi silah istehsalı qadağan olunandan sonra o, dərman ixtirası və istehsalı ilə məşğul olub, bir sıra əczaçılıq firmalarında işləyib, yeni dərmanların hazırlanması ilə bağlı bəzi dövlət sifarişlərini də yerinə yetirib, məsələn, döyüşlərdə iştirak edən Rusiyanın hərbi qulluqçuları üçün ağrıkəsiçi dərmanlar düzəldib.
“Noviçok” qrupuna daxil olan (noviçok Azərbaycan dilinə tərcümədə yeni mənası verir) maddələrin hazırlanmasına 1971-ci ildə Sovet İttifaqında, Moskvadakı Dövlət Üzvi Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutunda başlanıb, 1993-cü ildə, Sovet İttifaqı dağılandan iki il sonra proses tamamlanıb.
“Noviçok” sinir iflici yaradan oxşar kimyəvi maddələr içində ən ölümcülü sayılır. Həm bərk, həm maye halında növləri olan “Noviçok” maddəsi ürəyin fəaliyyətini yavaşladaraq nəfəs yollarını qapadır.
Aqrokimyəvi maddələrdən hazırlanan “Noviçok”un istehsalında istifadə olunan maddələrin yasaq altında olmadığı bildirilir.
Mərkəzi Qərargahı Niderlandın Haaqa şəhərində yerləşən Kimyəvi Silahlara Qadağa Təşkilatı 1990-cı ildə “Noviçok” qrupuna daxil olan maddələri nəzarətdə saxlanan maddələr kimi rəsmiləşdirib.
2020-ci il iyulun 7-dən “Noviçok” kimyəvi silah kimi tanınıb, onun istehsalı, istifadəsi və yayılması yasaqlanıb.
Mənbə: Ria.ru