İndiyədək dünyada koronavirusun neçə yeni növü tapılıb?
- 29 Yanvar 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
İki aya yaxındır dünyada koronavirus infeksiyasının mutasiyaya uğramış yeni növləri də yayılır. İndiyədək virusun neçə yeni variantı aşkarlanıb? Onların bir-birindən fərqi nədədir? Yeni ştamlar nə dərəcədə yoluxucudur? Novator.az saytı bu mövzuda “Euronews” kanalının internet səhifəsində yerləşdirilmiş yazını ingiliscədən çevirərək təqdim edir.
Ötən ilin dekabrında Böyük Britaniyada koronavirus infeksiyasının daha yoluxucu növünün yayıldığı elan olundu. Bu səbəbdən ölkədə karantin tədbirləri sərtləşdirildi və səyahətə məhdudiyyətlər tətbiq edildi. O vaxtdan COVİD-19 infeksiyasının dünyada bir sıra başqa növləri də aşkarlanıb.
Virus özünü çoxaldarkən şəkildən-şəklə düşür, dəyişikliyə uğrayır və bu dəyişikliklər mutasiya adlanır. Dünya Səhiyyə Təşkilatı koronavirusun mutasiyaya uğramış bir neçə yeni növünün olduğunu təsdiqləyir.
Koronavirus infeksiyasında baş verən dəyişikliklər qeyri-adi hal sayılmır: infeksiya ən çox insanlar arasında yayıldığı üçün mutasiyaya uğramış virusun yuluxuculuq qabiliyyəti daha güclü olur. Ancaq mütəxəssislər SARS-CoV-2-nin daha ləng dəyişdiyini və ona görə də nisbətən sabit qala bildiyini söyləyirlər.
İndi isə gəlin koronavirusun Böyük Britaniya, Cənubi Afrika, Braziliya və ABŞ-da (Kaliforniya ştatında) üzə çıxmış variantlarına nəzər salaq.
Britaniya variantı
COVİD-19-un sürətlə yayılan variantı ilk dəfə Britaniyada aşkarlanıb.
Ötən ilin dekabrında ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Matt Hankok infeksiyanın B.1.1.7 adlanan yeni ştamının paytaxt Londonda və İngiltərənin cənub-şərqində sürətlə yayıldığını və onun digər variantlardan daha yoluxucu olduğunu açıqladı.
Hökumət ölkə daxilində hərəkətə məhdudiyyət qoysa da, Britaniyadan xaricə çıxışa qadağa tətbiq etmədi və nəticədə virusun yeni növü digər ölkələrə də yayıldı.
London Gigiyena və Tropikal Tibb Məktəbinin professoru Martin Mak Kee Danimarka kimi ölkələrdə koronavirusun köhnə formasının zəiflədiyini, yeni növünün isə sürətlə yayılmağa başladığını bildirir. O, infeksiyanın yeni variantının digər ölkələrdə də yayıldığına, ancaq bu faktın gizlədildiyinə əmin olduğunu vurğulayır.
COVİD-19 infeksiyasının Britaniya variantını fərqləndirən xüsusiyyətlərdən biri onun N501Y adlanan mutasiyaya uğramasıdır.
N501Y – tikanlı proteinin reseptorla əlaqələndirmə sahəsinə (RBD), yəni virusun hüceyrəni bloklama nöqtəsinə təsir edən mutasiyadır.
Cənubi Afrika variantı
Cənubi Afrika hökuməti koronavirus infeksiyasının yeni forması haqda ilk dəfə ötən il dekabrın 18-də məlumat yayıb. Məlumatda infeksiyanın yeni növünün üç əyalətdə sürətlə yayıldığı bildirilib. Virusun 501Y.V2 adlanan bu yeni ştam yanvar ayında Cənubi Afrikada yoluxmanın artmasına təkan verib.
Genomik ardıcıllıq bu formanın Britaniya variantından fərqləndiyini göstərsə də, hər ikisinin tikanlı proteinlərində N501Y mutasiyasının baş verdiyi qeyd olunur.
Peyvəndlərin koronavirus infeksiyasının bu növünə qarşı zəif effektinin olması barədə bəzi narahatlıqlar yaranıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, bəzi poliklonal və monoklonal antitellər vasitəsilə tikanlı protein mutasiyalarından birinin – E484K-nın təsirsiz hala gətirilməsinə dair bəzi sübutlar mövcuddur. Mərkəz virusun yeni formalarına qarşı peyvəndlərin təsirli olacağının şübhə doğurduğunu açıqlayıb.
Cənubi Afrikada aparılan son araşdırmaların nəticələrinə görə, infeksiyanın bu variantdakı digər dəyişikliklər da antitellərin virusu zərərsizləşdirməsinə problem yaradır.
Alimlərin fikrincə, bu həm təkrar yoluxmanın artmasına, həm də vaksinin effektivliyinə təsir edir.
“Moderna” biotexnoloji şirkətinin bu yaxınlarda verdiyi açıqlamada bildirilir ki, onların hazırladığı peyvənd virusun yeni ştamına qarşı effektli olsa da, ehtiyat vaksinlərdən yeni varianta qarşı hələ istifadə edilmir. Şirkət bunun üçün əlavə vaksin istehsal edəcəyini bildirir.
Braziliya variantı
Yaponiyanın Səhiyyə Nazirliyinin yanvarın ortalarında verdiyi açıqlamaya görə, koronavirusun Braziliyada meydana çıxan yeni variantı ilk dəfə ölkəyə gələn dörd səyahətçidə aşkarlanıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qeyd edib ki, P.1 adlandırılan ştam özündə 17 nadir amin turşusu dəyişikliyini və 3 delesiyanı birləşdirir.
Mərkəzin məlumatında deyilir ki, virusin Cənubi Afrika növünün tikanlı proteinində baş verən iki eyni dəyişiklik Braziliya variantında da baş verir və bunun vaksinlərə reaksiyası narahatlıq doğurur.
İngiltərə və Braziliya alimlərinin birgə tədqiqatının Virological.org saytında dərc olunan nəticələrinə görə, ötən il dekabrın 15-dən 23-dək Braziliyanın Manaus şəhərində araşdırılmış koronavirus nümunələrinin 42 faizində P.1 ştamı aşkarlanıb.
Kaliforniya (ABŞ) variantı
2020-ci ilin dekabrında infeksiyanın Britaniya ştamı aşkar edilən kimi ABŞ-ın Kaliforniya ştatında alimlər koronavirus nümunələri arasında həmin variantı axtarmağa başladılar. Yeni variantın bir neçə nümunəsini aşkarlayan alimlər eyni zamanda Kaliforniyanın özündə ortaya çıxan bir çox variantla qarşılaşdılar.
“Nyu-York Tayms” qəzetinin yazdığına görə, 2021-ci il yanvarın ortalarında Los-Anceles laboratoriyalarında gün ərzində toplanmış virus nümunələrinin yarısından çoxunda CAL.20C ştamı aşkarlanıb. Alimlər Britaniya variantından fərqli olaraq virusun digər formaları ilə müqayisədə bu ştamın daha ölümcül və ya daha yoluxucu olduğuna dair hələ bir sübutun olmadığını bildirirlər.
Virusun yeni ştamları müalicə oluna bilirmi?
Bir çox ölkələrin hökumətləri peyvəndlənmə proqramlarına etibar edir, hərəkət və kütləvi toplaşmalara geniş məhdudiyyətlər tətbiq edirlər.
Professor Martin Mak Kee bildirir ki, hazırda mövcud olan vaksinlər infeksiyanın Britaniya ştamına qarşı effektlidir: “Ancaq dünyada digər variantlar da mövcuddur, onlar haqqında cavabı bilinməyən suallar var.
Bir çox ölkədə problem peyvəndin alınıb ölkəyə gətirilməsində deyil, ona münasibətdədir. Əsas çətinlik pasiyentləri müəyyən etmək, onlarla əlaqə yaratmaq və peyvəndlənməyə cəlb etmək, habelə vaksinə etibar etməyən qrupları inandırmaqdır. Bu işlərin həyata keçirilməsi çox vacibdir”.
Avropa Birliyi virus variantlarını müəyyənləşdirmək məqsədilə bir çox ölkəni araşdırmalar aparmağa çağırıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də üzv ölkələrə səslənərək sınaq və genom ardıcıllığı işlərini sürətləndirməyin mühüm olduğunu vurğulayıb.
Dünya Səhiyyə Təşkilatının fövqəladə hallar proqramı üzrə nümayəndəsi doktor Katerin Smolvud bildirib ki, virus fəallaşdığı üçün karantin məhdudiyyətlərinin sərtləşdirilməsi zəruridir və ölkələr diqqəti yoluxmanın azalmasına yönəltməlidir.
Mənbə: Euronews.com