İqtisadçı Rövşən Ağayev 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı üç məqama diqqət yönəldib. Novator.az-ın məlumatına görə, o yazır ki, ştatda olan işçilərin əməkhaqqı xərcləri proqnozdan 158 milyon manat az olub: “Büdcəyə proqnozlaşdırılanla müqayisədə 84 milyon manat çox mənfəət vergisi, 153,5 milyon manat çox əlavə dəyər vergisi (ƏDV) toplanıb. Proqnozdan artıq yığılan ƏDV-nin 67 milyon manatı gömrük, 86,5 milyon manatı isə vergi orqanının hesabınadır. Amma 2019-cu ilə nisbətən mənfəət vergisindən daxilolma 197 milyon manat, ƏDV-dən daxilolma 96 milyon manat azdır.
2019-cu illə müqayisədə vergidə artım yalnız maaşlardan tutulan vergilərdə qeydə alınıb – təxminən 200 milyon manat. İqtisadiyyat naziri düz deyir ki, ölkənin tarixində ən yüksək məbləğdə – 5,6 milyard manat vergi toplanıb. 2019-cu ilə nəzərən vergilər 160 milyon manat artıb, həmin artım məhz fiziki şəxslərin gəlir vergisi hesabına olub.
Bu hissədə analizin aciz qaldığı bir məqam var: qeyri-neft sahəsində özəl sektor faktiki olaraq əməkhaqqı vergisindən azaddır, 8000 manata qədər vergi ödənmir. Maaş vergisi yalnız neft sektoru və dövlət müəssisələrindən tutulur. Dövlət sektorunda da əsas yük büdcə təşkilatlarının üzərindədir. Çünki dövlət sektorunda məşğulluğun ən azı 80%-ni büdcə işçiləri təmin edir.
2019-cu ildə büdcə üzrə əməkhaqqı xərcləri 4,1 milyard manat olduğu halda 2020-ci ildə təxminən 1,1 milyard manat azalma var. Bu qədər vergi güzəştinin olduğu, büdcədə maaş xərclərinin 1,1 milyard manat ixtisar edildiyi halda əməkhaqqından gəlir vergisinin 200 milyon manat artımı diqqət çəkir. Rəsmi izahı eşitmək istərdim”.