Prezident İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonundakı 90 saylı və Suraxanı rayonundakı 97 saylı orta məktəblərə baş çəkib.
AZƏRTAC xəbər verir ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbin 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi kabinet, musiqi kabineti, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir olunub.
Məktəb üçün yeni qazanxana, nasosxana, 2 yeraltı su anbarı inşa edilib.
Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb, onların yerində 264 şagird yerlik dördmərtəbəli yeni müasir korpus tikilib. Eyni zamanda 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən korpus əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir edilən korpuslarda zəruri tədris avadanlığı və vəsaiti ilə təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları var.
Məktəb üçün yeni qazanxana, nasosxana və yeraltı su anbarları inşa edilib.