Bakı Araşdırmalar İnstitutu koronavirus pandemiyası fonunda karantin tədbirləri və iqtisadiyyatda qapanmaların aqrar sektora təsirini qiymətləndirən sorğu keçirib. Novator.az-ın məlumatına görə, müsahibəyə ümumilikdə 60 nəfərin cəlb edildiyi bildirilir: “Onların 50 nəfəri fermerlər, 10 nəfəri aqrar sektoru istehsal vasitələri ilə təchiz edən, fermerlərə müxtəlif becərmə xidmətləri göstərən şəxslər, kənd təsərrüfatı məhsullarının topdansatışı və ixracı, həmçinin emal üzrə ixtisaslaşmış şəxslərdir.
Cavablardan görünür ki, fermerlərin əksəriyyəti (65%) spesifik, yəni bilavasitə pandemiya və sərt karantin tədbirlərinin tətbiqi nəticəsində yaranan problemlə üzləşməyib. Ancaq hər dördüncü respondent (25%) məhsulunu satmaqda çətinlik çəkdiyini bildirib. Məhsulunu bazara çıxara bilməyənlər (12%), karantin dövrünün tələblərinə görə sahədə (fermada) işləməyə, işçi cəlb etməyə məhdudiyyətlər olduğunu (9%) və qiymətin aşağı düşməsini (21%) qeyd edənlər də var.
Fermerlər məhsul satışının çətinləşməsinə səbəb olan hallar kimi sərt karantin dövründə iri topdansatış bazarlarının fəaliyyətini dayandırmasını və bu səbəbdən satıcıların xüsusilə həftə sonları məhsul alışı üçün regionlara gəlməməsini, iri kollektiv istehlak obyektlərinin (turizm və istirahət obyektlərinin, restoranların, yas mərasimi evlərinin və şadlıq saraylarının) fəaliyyətini tam dayandırmasını qeyd ediblər. Bunlar zamanında tarladan yığıla bilməyən məhsulların (əsasən yetişmiş tərəvəz, meyvə və giləmeyvə) xarab olması və ya keyfiyyətini itirməsi ilə nəticələnib, istehlakın azalması isə qiymətlərin aşağı düşməsinə, fermerlərin gəlirlərinin azalmasına təsir göstərib.
Qiymətlərin azalmasından itkilərlə əsasən kökəltmə üsulu ilə heyvanların satışı ilə məşğul olan fermerlər, quşçuluq təsərrüfatları, içki və şirə emalı müəssisələrinə məhsul verən meyvə və giləmeyvə bağlarının sahibləri, südlük maldarlıq təsərrüfatları, tərəvəz məhsullarını becərənlər üzləşiblər. Heyvanların kökəldilməsi yolu ilə satışı üzrə ixtisaslaşan fermerlər bildiriblər ki, pandemiya dövründə ətin pərakəndə qiymətləri düşmədiyi halda məhsul bolluğunun yaranması, tələbin azalması səbəbindən qoyun və mal ətinin topdan alış qiyməti orta hesabla 10-20% intervalında enib.
Böyük baş heyvan satışı ilə məşğul olan fermerlər daha ciddi problemlərin olduğunu vurğulayıblar. Çünki böyük baş heyvanlara tələbat əsasən şadlıq evləri və yas mərasimlərinin təşkili üzrə xidmət göstərən obyektlərdir. Tələbatın azalması quş ətindən də yan keçməyib və nəticədə həm sənaye üsulu ilə quş əti istehsal edən müəssisələr, həm də kiçik təsərrüfatlarda ətlik quşlar saxlayan fermerlər istehsal həcmini azaltmağa məcbur olublar.
Emal zavodları üçün texniki üzüm becərən fermerlər müsahibə zamanı bildiriblər ki, pandemiya dövründə onlar öz məhsullarını satmaqda çox ciddi problemlərlə üzləşiblər. Əvvəla, emal zavodları onların məhsulları üçün ixrac imkanlarının məhdudlaşması və daxili istehlakın azalması səbəbindən məhsul qəbulundan ümumiyyətlə imtina ediblər. Günlərlə bağlarda qalan məhsul isə çürümə və yağışlı hava şəraitində xeyli itkiyə məruz qalıb. Emal zavodlarını çox çətinliklə məhsul qəbuluna razı saldıqda isə daha aşağı qiymətlə alış həyata keçiriblər. Fermerlər qeyd edib ki, ötən illə müqayisədə emal zavodları üzümün hər tonunu orta hesabla 40-50% ucuz qəbul ediblər. Məhsulun vaxtında təhvil verilməməsi səbəbindən orta hesabla 15-20% itkiyə məruz qaldığını bildirən fermerlər də olub.
Eyni vəziyyət süd emalı müəssisələrinə məhsul satan südlük təsərrüfatlarda da müşahidə edilib. Müsahibədə iştirak edən südlük heyvan maldarları qeyd edib ki, emal müəssisələrində tələbatın azalması əsas gətirilərək həm məhsul qəbulunun azaldılması, həm südün qiymətinin aşağı salınması müşahidə edilib. Müsahiblərin dediyinə görə, pandemiya dövründə südün topdan alış qiymətində 15-20%, süd istehsalında isə orta hesabla 20-25% azalma baş verib.
Fermerlərdən alış qiymətinin aşağı düşməsi ilə bağlı məlumatlara tərəvəzçiliklə məşğul olan şəxslərin də müsahibələrində təsadüf edilib. Məsələn, kələm istehsalçıları əvvəlki mövsüm ilinə nisbətən alış qiymətlərinin orta hesabla 15-20% düşdüyünü qeyd ediblər”.