Qırğızıstanın yeni prezidenti Sadır Japarov yanvarın 28-i paytaxt Bişkekin filarmoniyasında and içərək səlahiyyətlərinin icrasına başlayıb. O, yanvarın 10-da keçirilmiş növbədənkənar prezident seçkisində 79,2 faizlə qalib gəlmişdi.
Novator.az bildirir ki, 1968-ci il dekabrın 6-da doğulan Sadır Japarov Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul vəzifələr tutub.
2005, 2007, 2010-cu illərdə parlamentin deputatı seçilən Sadır Japarov 2013-cü ildə İssık-Kul vilayətinin qubernatorunu girov götürmək cəhdinə görə cinayət məsuliyyətinə alınıb, mühacirət edib, 2017-ci ildə tutularaq 11 il 6 müddətinə azadlıqdan məhrum olunub.
2020-ci il oktyabrın 4-ü ölkədə parlament seçkisi keçirilib. Seçkinin rəsmi nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən üsyana qalxıb, dövlət binaları tutulub, həbsdə olan bir çox siyasətçi, o cümlədən Sadır Japarov azadlığa buraxılıb.
Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da parlament seçkisinin nəticələrini etibarsız sayıb, oktyabrın 10-da Sadır Japarov baş nazir postuna gətirilib.
Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib. Həmin gündən Sadır Japarov prezident səlahiyyətlərini icra edib, noyabrın 14-də dövlət başçısı kürsüsünə parlament sədri Talant Mamıtov əyləşib.
Qırğızıstan parlament respublikasıdır. Ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur.
Yanvarın 10-da prezident seçkisi ilə paralel keçirilən rəy sorğusuna qatılanların böyük əksəriyyəti ölkədə prezident idarə üsulunun tətbiq olunmasını dəstəkləyib.
Sadır Japarov yaxın ölkələrin dövlət başçıları arasında dördüncü gənc prezidentdir.
Ən gənc dövlət başçısı – Ukrayna prezidenti Vladimir Zelenski 1978-ci il yanvarın 25-də doğulub.
Moldova prezidenti Mayya Sandu 1972-ci il mayın 24-də anadan olub.
Estoniyaya 1969-cu il dekabrın 30-da doğulan Kersti Kalyulayd prezidentlik edir.
Litva prezidenti Gitanas Nauseda 1964-cü il mayın 19-da doğulub.
1961-ci il dekabrın 24-də doğulan Azərbaycan prezidenti İlham Əliyev yaşa görə yaxın ölkələrin dövlət başçıları arasında altıncı sıradadır.
Latviya prezidenti postunu 1955-ci il iyunun 30-da doğulan Eqils Levits tutur.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 1957-ci il iyunun 29-da, Özbəkistan prezidenti Şövkət Mirziyayev 1957-ci il iyulun 24-də doğulub.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 1954-cü il fevralın 26-da, Belarus prezidenti Aleksandr Lukaşenko 1954-cü il avqustun 30-da dünyaya gəlib.
Qazaxıstana 1953-cü il mayın 17-də doğulan Qasım-Comərd Tokayev, Ermənistana 1953-cü il iyunun 23-də doğulan Armen Sərkisyan prezidentlik edir.
Gürcüstan prezidenti Salome Zurabişvili 1952-ci il martın 18-də, Tacikistan prezidenti İmaməli Rəhman 1952-cı il oktyabrın 5-də, Rusiya prezidenti Vladimir Putin 1952-ci il oktyabrın 7-də anadan olub.
İranın ali rəhbəri Seyid Əli Xamneyi 1939-cu il iyulun 17-də dünyaya gəlib.