Yanvarın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi illik hesabatını açıqlayıb.
Hesabata görə, 2020-ci ildə Avropa Məhkəməsi ümumilikdə 871 qərar qəbul edib. Qərarların 37-si Azərbaycana qarşı olub.
37 qərarda Azərbaycanda 91 pozuntuya yol verildiyi tanınıb.
Hesabata görə, 2020-ci ildə Azərbaycanda ən çox azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları pozulub – 37 qərar üzrə ümumilkdə 35 dəfə.
10 halda şəxsi həyata və ailə həyatına müdaxilənin yolverilməzliyi hüququ pozulub.
2020-ci ildə ən çox qərar Rusiyaya (185), Türkiyəyə (97), Ukraynaya (86), Rumıniyaya (82) qarşı çıxarılıb. Bu sırada Azərbaycan beşinci yerdədir.
İl ərzində Avropa Məhkəməsinə ən çox şikayətin verildiyi ölkələr cərgəsində isə Azərbaycan altıncı yeri tutur.
Avropa Məhkəməsi indiyədək Azərbaycana qarşı ümumilikdə 215 qərar qəbul edib. Həmin qərarların 206-da Avropa Konvensiyasının ən azı bir maddəsinin pozulduğu təsbit olunub.
Avropa Məhkəməsinin indiyədək qəbul etdiyi qərarlara görə, Azərbaycanda ən çox pozulan hüquq ədalətli məhkəmə araşdırması hüququdur. Sonrakı yerlərdə azadlıq və toxunulmazlıq hüququ, mülkiyyət hüququ, birləşmək, toplaşmaq hüququ gəlir.
Seçki hüququnun pozulmasına görə Avropa Şurası məkanına daxil olan ölkələr arasında Avropa Məhkəməsinə ən çox şikayət Azərbaycandan göndərilib. Azərbaycanla bağlı 25 işdə bu hüququn pozulduğu tanınıb.