Yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Əfqan Sadıqovun şikayətinə baxılıb.
Apellyasiya instansiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin Əfqan Sadıqova təyin etdiyi azadlıqdan məhrumetmə cəzasının müddətini 7 ildən 6 ilə endirib.
Əfqan Sadıqov Azel.tv saytının baş redaktorudur. Jurnalisti 2020-ci il mayın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tutub. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib.
Eyni iş üzrə Xeberfakt.az saytının baş redaktoru Sakit Muradova 5 il müddətinə şərti həbs cəzası verilib.
Hökmə etiraz edən Əfqan Sadıqov noyabrın 4-dən Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirməyə başlayıb. Hazırda o, Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində saxlanır.