Koronavirus əleyhinə vaksinasiyanın aparıldığı hər bir ölkədə bu proses növbəlilik prinsipi ilə həyata keçirilir. Ölkələrin əksərində ilk növbədə tibb işçiləri, yaşlılar və ciddi xəstəliyi olanlar peydəndlənirlər.
ABŞ-da da belədir. Amma ABŞ-ın Nyu-Cersi ştatında siqaret çəkənləri də növbədə qabağa salıblar. Bu ştatda siqaret çəkənlər peyvəndlənməli olan prioritet qrupa daxil edilib.
Novator.az xəbər verir ki, siqaret çəkənlərin prioritet qrupa daxil edilməsi onların həkimlər, yaşlılar və xəstələr kimi risk qrupunda olması ilə əsaslandırılıb. Belə ki, koronavirus respirator xəstəlikdir, daha çox ağ ciyəri zədələyir, siqaret çəkənlərin də ağ ciyəri zəif olur, bu isə virusa yoluxacaqları halda onların həyatını təhlükə altında qoyur.
Siqaret çəkənlərin vaksin növbəsində qabağa salınması bəzi etirazlara səbəb olub. Xüsusilə təhsil işçiləri, müəllimlər siqaret çəkənlərin onlardan qabaq peyvəndlənməsini ədalətsiz bölgü kimi qiymətlənidiriblər.
Buna cavab olaraq bildirilib ki, əslində siqaret çəkənlərin vaksinasiya prosesində prioritet qrupa daxil edilməsi ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tövsiyəsində əksini tapıb.
ABŞ koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayına görə dünyada ilk yerdədir. Bu ölkədə indiyədək 26 milyondan çox adam koronavirusa yoluxub, onların 435 mindən çoxu vəfat edib.
2020-ci ilin dekabrından ABŞ-da koronavirus əleyhinə vaksinasiyaya başlanıb.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyasına indiyədək dünyada yoluxanların sayı 101 milyona, ölənlərin sayı isə 2 milyon 170 minə yaxındır.
Mənbə: Globalnews.ca