Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsinə daim böyük diqqət göstərir: “Son illərdə bu sahələr uğurla inkişaf edib. Mən prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. Yüksək texnologiyalardan ümumiyyətlə söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir.
Digər sahələrdə də müsbət dinamika, tərəqqi var. Biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur.
Texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Bu sahəyə rəhbərlik edən şəxs kimi Siz bütün bu işləri yaxşı bilirsiniz. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi. Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır.
Bu müsbət dinamika saxlanmalıdır. Eyni zamanda heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz müsbətdir, ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxu xaricdə fəaliyyət göstərir və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir.
Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.
Yaşıl enerji zonası ilə bərabər kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun.
Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, yəni “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır”.
Prezident əvvəlki nazirin fəaliyyətindən razı olduğunu vurğulayıb: “O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll edib, Azərbaycanın bu sahədəki inkişafını təmin edib. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda buna ümid edirəm”.
Yanvarın 26-da prezident Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamları ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri postuna təyinat alıb.
Rəşad Nəbiyev 2011-ci il yanvarın 24-dən “Azərkosmos”un rəhbəri idi.
Ramin Quluzadə 2015-ci il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub, həmçinin nazir vəzifəsini icra edib.
2016-cı il yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin olunub.
2017-ci il fevralın 13-də Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və yeni nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb. Həmin gündən Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri idi.