Yanvarın 26-da sərəncam imzalayan prezident İlham Əliyev Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib.
Dövlət başçısının digər sərəncamları ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri postuna təyinat alıb.
Novator.az bildirir ki, 1977-ci il təvəllüdlü Rəşad Nəbiyev 2011-ci il yanvarın 24-dən “Azərkosmos”un rəhbəri idi.
Dövlət İdarəçilik Akademiyasını bakalavr və magistr dərəcələri ilə bitirib. ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb, Harvard Universitetinin (ABŞ) Kennedi İdarəçilik Məktəbində yüksək vəzifəli icraçı şəxslər üçün dövlət maliyyə idarəetməsi proqramını bitirib.
Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları mərkəzində və xarici əlaqələr şöbəsində, Mərkəzi Bankın Bazar Əməliyyatları Departamentində işləyib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri olub.
Ramin Quluzadə 1977-ci ildə doğulub. Azərbaycan Dövlət İqtisad İnstitutunu bakalavr və magistr dərəcələri ilə bitirib.
2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib. 2015-ci il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub, həmçinin nazir vəzifəsini icra edib.
2016-cı il yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin olunub.
2017-ci il fevralın 13-də Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və yeni nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb. Həmin gündən Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri idi.