Baş Prokurorluq 2020-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasından məlumat yayıb. İclas yanvarın 23-də mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə video rejimində keçirilib.
Rəsmi hesabata görə, 2020-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26004 cinayətin 84,3%-nin açılması təmin edilib, bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub, onların 85,5%-i açılıb: “2019-cu illə müqayisədə qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb, ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib, 254 cinayətkar qrup zərərsizləşdirilib.
1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayəti qeydə alınıb, onların 94 faizi açılıb.
Prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171 milyon 628 min 342 manat məbləğində maddi ziyanın ödənməsinə nail olunub.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəmələrə göndərilib, 62 milyon 436 min manat məbləğində ziyanın ödənməsi təmin edilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.
161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə daxil olmuş müraciətlərin 47-si üzrə cinayət işləri başlanıb.
39 şəxs cinayət başında yaxalanıb, korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 76 cinayət işi başlanıb.
Baş Prokurorluğun prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 10849 şəxs barəsində 9455, apellyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 cinayət işi üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
Ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxs tutularaq ölkəyə ekstradisiya edilib.
30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onların 2-si prokurorluq orqanlarından çıxarılıb, 8 nəfər vəzifədən götürülüb, 15 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 5 nəfərə digər intizam tənbehi tədbirləri tətbiq olunub”.
Azərbaycan Konstitusiyasına görə, prokurorluq qanunların icra və tətbiq olunmasına nəzarət edir; cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir, ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Ötən il mayın 1-də Kamran Əliyev baş prokuror təyin edilib. Onun səlahiyyət müddəti 5 ildir.