İqtisadçılar Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək Müşahidə Şurası yaradılmasını şərh edib.
Prezident İlham Əliyevin 23 yanvar fərmanı ilə yaradılan Müşahidə Şurası sədr və daha 6 üzvdən ibarətdir. Həmin gün imzalanan prezident sərəncam ilə Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub. Üzvlər bu şəxslərdir: Emin Hüseynov – birinci vitse-prezidentin köməkçisi, İsrafil Məmmədov – Dövlət Neft Fondunun icraçı direktoru, Elnur Soltanov – energetika nazirinin müavini, Azər Bayramov – maliyyə nazirinin müavini, Rövşən Nəcəf – iqtisadiyyat nazirinin müavini, Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru.
Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Holdinq prezidentin 7 avqust 2020-ci il fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb, onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.
Qurumun Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir. Mətin Eynullayev İdarə Heyətinin sədri, Ruslan Əlixanov baş icraçı direktordur.
Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, müstəqil ekspertlər SOCAR-ın Müşahidə Şurasının yardılması təklifini dəfələrlə irəli sürüb: “Görünür, SOCAR-ı səhmləşdirməyə hazırlayırlar. Bunun üçün də SOCAR-da korporativ idarəetmə sistemi qurulmalı, menecerlərlə sahibkarlar bir-birindən ayrılmalı və menecerlər sahiblərinə hesabat verməlidir.
Bu ildən başlayan bütün tədbirlər SOCAR-ı 2022-2023-cü illərdə gözləyən maliyyə çətinliklərindən çıxarmağa yönəldilib. Azərbaycan İnvestisiya Holdinqi yaradılaraq SOCAR-ın və digər iri dövlət şirkətlərinin sağlamlaşdırılması və borclarının restrukturizasiyası ilə məşğul olmağa başlayıb; benzin və dizel yanacağı bahalaşdırılmaqla daxili bazarda SOCAR-ın gəlirləri artırılıb; növbəti artım qazın qiymətində olacaq.
SOCAR-ın Müşahidə Şurasının yaradılması şirkətin gələcəkdə investisiyalar cəlb edə bilmək üçün səhmləşdirilməyə hazırlanmasını göstərir. Proses işçilərin ixtisarı ilə müşayiət olunur və getdikcə daha kütləvi xarakter alacaq, yalnız fəhlələr deyil, ixtisaslı kadrların bir hissəsi də işini itirəcək”.
İqtisadçı Samir Əliyev qeyd edir ki, SOCAR dövlət şirkətləri içində korporativ idarəetmə standartlarından ən uzaq qurum kimi tanınıb: “Büdcə daxilolmalarının bir qayda olaraq 6-8%-i, vergi gəlirlərinin 15-17%-i bu şirkətin payına düşür. 2019-cu ilin sonuna şirkətin işçilərinin sayı 51092 nəfər, aktivlərinin həcmi 65,4 milyard manat, ümumi gəlirləri 83,8 milyard manat göstərilib. Belə bir böyük şirkətin nəzarətdən kənar qalması düzgün deyil.
SOCAR-ın hesabatlarında vurğulanır ki, şirkət korporativ idarəetmə prinsipləri əsasında mərkəzləşdirilmiş idarəçilik tətbiq edir. Ancaq reallıq əksini göstərir. Uzun müddət SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi müşahidə şurası olmayıb. Bu funksiyanı ölkə prezidenti həyata keçirib. Şirkətin idarə heyəti funksiyasını isə Şirkət Şurası icra edib. Şuranın tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkət prezidentinin müəyyən etdiyi digər vəzifəli şəxslər daxil olub.
SOCAR-da audit fəaliyyətini şirkət prezidenti yanında Audit Komitəsi aparıb. Halbuki Mülki Məcəllənin 107-ci maddəsinə görə, audit komitəsini direktorlar şurası (müşahidə şurası) yaradır.
Korporativ standartlarda daxili audit bölmələri icraçı orqana (idarə heyəti) deyil, nəzarət edən quruma – direktorlar şurasına (müşahidə şurasına) tabedir. Bu tabeçilikdə məqsəd icra prosesinə nəzarət, şəffaflığı təmin etməkdir. SOCAR-ın nümunəsində isə icraçı qurumun rəhbəri həm daxili nəzarət bölməsini yaradır, həm də ona nəzarət edir. İcra qurumunun fəaliyyətinə isə daxili nəzarət yoxdur.
Prezidentin 23 yanvar fərmanı SOCAR-da korporativ idarəetmənin qurulması istiqamətində atılan addımdır. Çünki burada qarşılıqlı nəzarət mexanizmi formalaşacaq. Yəni İdarə Heyətinin Müşahidə Şurası qarşısında hesabatlılığı, Audit Komitəsinin İdarə Heyətindən asılı olmadan onun fəaliyyətinə nəzarəti qarşılıqlı nəzarət üçün effektiv mexanizm sayılır.
Yenilik faktiki olaraq SOCAR-ın prezidenti vəzifəsində qalacağı təqdirdə Rövnəq Abdullayevin səlahiyyətinin məhdudlaşdırılması deməkdir. Ancaq həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin üzvlərini prezidentin təyin etməsi gələcəkdə şirkətdə ikihakimiyyətlilik yarada bilər. İdarə Heyəti üzvlərini Müşahidə Şurasının təsdiqləməsi daha uğurlu variantdır”.