2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev əmək pensiyaları qanununda güzəştli pensiya imkanı nəzərdə tutulduğunu yazır: “Zərərli və ağır əmək şəraitində çalışan kişilər 60, qadınlar 55 yaşda pensiyaya çıxa bilər. Amma bu hüquqdan istifadə eləmək üçün üç tələb qoyulur: kişilərdən azı 25, qadınlardan azı 20 il staj istənir, həmin müddətlərin azı yarısının ağır və zərərli iş yerlərində olması şərti qoyulur, sığorta hesabında minimum pensiya kapitalı məbləğində kapital olması tələb edilir.
Bu mexanizmdə çox ədalətsiz iki məqam var. Adi pensiya hüququndan istifadə etmək istəyən şəxs iki tələbdən birini ödəməlidir – onun ya 25 il stajı, ya da sığorta hesabında minimum məbləğdə pensiya kapitalı (hazırda 28800 manat) olmalıdır. Amma güzəştli pensiya hüququ olan şəxs hər iki tələbi ödəməlidir – ondan həm minimum staj, həm də minimum kapital istənir. İki təbəqənin bir tələb əsasında pensiyaya çıxa bilməməsi hansı məntiqi arqumentlə əsaslandırıla bilər?
Adi pensiya hüququ olan vətəndaşın minimum pensiya kapitalını hesablamaq üçün 144 ay (gözlənən pensiya ödənişi müddətinin aylarının sayı) götürülür və nəticədə minimum pensiya kapitalının məbləği 28800 manata bərabər olur. Güzəştli pensiya hüququ üçün 40800 manat pensiya kapitalı tələb edilir. Çünki gözlənən pensiya ödənişi aylarının sayı 204 ay götürülür – normal pensiya hüququ ilə müqayisədə 60 ay artıq. Bu həmin 60 aydır ki, guya insanlara erkən pensiyaya çıxmaq haqqı kimi tanınır.
Hansı məntiqlə hər iki qrupun pensiya kapitalının hesablanması zamanı ayların sayı eyni götürülməməlidir? Axı adından göründüyü kimi, həmin 5 ili dövlət özü güzəşt edib. Güzəşt edilmiş müddət sonda güzəşt hüququnu pozacaqsa, bunun harası güzəşt oldu ki?”
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 232,2 min nəfər olub.