Aclıq aksiyası keçirən məhbus jurnalist Əfqan Sadıqovun səhhəti kəskin pisləşib. Onun komaya düşdüyü iddia olunur.
Novator.az bildirir ki, Əfqan Sadıqov Azel.tv saytının baş redaktorudur. Jurnalisti 2020-ci il mayın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tutub. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib.
Eyni iş üzrə Xeberfakt.az saytının baş redaktoru Sakit Muradova 5 il müddətinə şərti həbs cəzası verilib.
Hökmə etiraz edən Əfqan Sadıqov noyabrın 4-dən Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Hazırda o, Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində saxlanır.
Jurnalistin ilkin məhkəmə instansiyasının hökmündən şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır.
AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində Əfqan Sadıqovun səhhətinə diqqət yetirməyə çağırıb: “Əfqan Sadıqovu şəxsən tanımıram. Ancaq məntiqlə fikirləşdim ki, cinayətkar adam ölənə qədər aclıq etməz. Araşdırma nəticəsində məlum oldu ki, Əfqan Sadıqovu hansısa məmurların əli ilə tələyə salıblar. Ona pul verib videosunu çəkiblər. Sonra da hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürüb 7 il müddətində azadlıqdan məhrum ediblər. Əfqan Sadıqovun məmurdan 10 min manat pul alması, şübhəsiz, qanunsuz hərəkətdir. Nəfsinə hakim ola bilməyib, qanunu pozub və ona qazılmış quyuya düşüb”.
Ancaq Əli Kərimli adı korrupsiya qalmaqallarında hallanan məmurların cəzasız qaldığı şəraitdə jurnalistin ağır cəzalandırılmasını və ölüm həddinə çatdırılmasını bütün hədlərin aşılması sayır: “Apellyasiya instansiyası təcili qaydada Əfqan Sadıqovun şikayətinə baxıb onu labüd ölümdən xilas etməlidir”.
Əfqan Sadıqov 2016-cı il noyabrın 22-dən 2018-ci il mayın 22-dək həbsdə olub. O zaman jurnalist Cəlilabad Rayon Məhkəməsinin çıxardığı hökmlə xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirli bilinib.