Mərkəzi ofisi Kanadanın Vankuver şəhərində yerləşən “SaNOtize” Elmi Araşdırmalar və İnkişaf Korporasiyası koronavirus infeksiyasına qarşı burun damcısı (nazal sprey) hazırlayıb.
Bu dərman yuxarı tənəffüs yollarında koronavirusu öldürmək, virusun çoxalmasının və ağ ciyərə yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Novator.az saytının məlumatına görə, “SaNOtize” korporasiyası burun damcısının yuxarı tənəffüs yollarında COVİD-19 virusunu 99,9% məhv etdiyini açıqlayıb.
ABŞ-ın Yuta ştatında yerləşən Yuta Dövlət Universitetinin Virus Əleyhinə Tədqiqat İnstitutunda aparılmış müstəqil laboratoriya testləri bu iddianı təsdiqləyib.
Yeni dərmanın Böyük Britaniyada kliniki sınaqlardan keçirilməsinə rəsmi səviyyədə icazə verilib.
Koronavirusa qarşı burun damcısını onu hazırlamış şirkətin adına uyğun olaraq “SaNOtize” spreyi adlandırırlar.
“SaNOtize” spreyi azot oksidi tərkiblidir. Azot oksidi COVİD-19 infeksiyasına səbəb olan SARS-CoV-2 virusunun təsirlərinə qarşı mübarizə aparır.
Məhlul həm burun damcısı kimi, həm də burun-boğaz yollarını qarqara etmək üsulu ilə istifadə oluna bilər.
London Universitetinin “Royal Holloway” Kollecinin Ürək-Damar Tədqiqatları İnstitutunun direktoru professor Pankac Şarma deyib ki, koronavirus infeksiyasına qarşı görülən istənilən tədbir müsbət qarşılanmalıdır: “Digər metodlarla müqayisədə daha asan və daha rahat şəkildə istifadə olunan burun spreyinin virusun müalicəsində effektli olması ürəkaçan xəbərdir. Bu üsul bütün dünyanı cənginə alan ölümcül xəstəliyə qarşı mübarizədə müalicə imkanlarımızı inkişaf etdirməyə yardımçı olacaq”.
Doktor Şarma bildirib ki, Britaniyada kliniki sınaqların aparılacağı Aşford Xəstəxanasında və Müqəddəs Pyotr Xəstəxanasında böyük həvəslə bu müalicə metodunu yoxlamağa hazırlaşırlar.
“Yerusəlim Post” qəzeti yazır ki, vaxtilə azot oksidinin təsirlərini öyrənmək üçün Stenford Universitetində professor Fərid Muradın və digər tədqiqatçıların iştirakı ilə geniş araşdırma aparılıb. Həmin araşdırma indi burun damcısının koronavirusa qarşı effekt verəcəyinə ümidləri artırıb.
Fərid Murad deyib ki, azot oksidi insan orqanizminin bütün fəaliyyətini nizamlayan möcüzəli universal molekuldur: “Müalicə prosesində azot oksidinin təhlükəsiz olduğu və bir sıra viruslara, bakteriyalara, göbələklərə təsir göstərdiyi sübuta yetirilib. Mən “SaNOtize” komandası ilə işləməyi böyük səbirsizliklə gözləyirəm. İnanıram ki, onlar COVİD-19 və digər infeksiyaların müalicəsində effektiv nəticə verə biləcək təhlükəsiz texnologiya hazırlayıblar”.
“SaNOtize” korporasiyasını Böyük Britaniya və Avropa İttifaqında təmsil edən Britaniyanın keçmiş baş naziri Rol Uilson koronavirusa qarşı vaksinasiyanın miqyası genişlənənə qədər müalicəvi tədbir kimi burun damcısından istifadənin əhəmiyyətindən danışıb.
O deyib ki, hazırda Kanadada “SaNOtize” spreyi üzrə kliniki sınaqların ikinci mərhələsi davam edir. Həmin sınaqlar ABŞ-ın iki elm ocağında – Yuta Dövlət Universitetinin Virus Əleyhinə Tədqiqat İnstitutunda və Kolorado Dövlət Universitetində aparılmış tədqiqatların nəticələrini təsdiqləsə, “SaNOtize” korporasiyası spreyi Kanadada təcili satışa çıxarmaq üçün müvafiq instansiyaya müraciət edəcək.
Rol Uilson qeyd edib ki, koronavirusa qarşı vaksinasiya nə qədər önəmli olsa da, onun geniş miqyasda tətbiqi üçün xeyli vaxt tələb olunur: “Bu müddət ərzində isə koronavirusun mutasiyaya uğramış formaları (yeni ştamlar) arta, nəticədə peyvəndlərin tərkibində dəyişiklik etmək zərurəti yarana bilər. Peyvənd olunmuş adamlarda yaranan immunoloji müdafiənin nə qədər duruş gətirəcəyi də hələ məlum deyil. Eyni zamanda peyvəndlənmiş insanların infeksiyaya yoluxub-yoluxmayacağı sual altındadır. Başqa cavabsız suallar da var.
Bütün bunları nəzərə alsaq, Böyük Britaniya və Avropa İttifaqında ən qısa zamanda reseptsiz satılan sadə, təhlükəsiz, sərfəli müalicəvi məhsullar hazırlamaq və təqdim etmək olduqca zəruridir. Məhz buna görə də mən bir azdan Avropa məkanında ilk olaraq Böyük Britaniyada aparılacaq sınaqlarda iştirak etməyə hazıram”.
Rol Uilson vurğulayıb ki, burun damcısı təkcə virusun yuxarı tənəffüs yollarına keçməsinə mane olmur: “Spreyin tərkibindəki azot oksidi ümumiyyətlə virusu öldürür, onu çoxalmağa qoymur. Sınaqlar müsbət nəticə versə, Britaniya, bütövlükdə Avropa qitəsinin əhalisi bir neçə aydan sonra koronavirusu məhv etmək və onun yayılmasının qarşısını almaq üçün effektiv, təhlükəsiz və əlçatan müalicədən faydalana biləcəklər. Bu sadə müalicə üsulu bizə normal ictimai həyata qayıtmağa, həmişəki qaydada işləməyə və səyahət etməyə imkan verəcək.
“SaNOtize” spreyindən müntəzəm qaydada istifadə etsək, hər dəfə nəfəs alanda ən azından bizi virusdan qoruyan və onu məhv edən bir üsulun olduğunu biləcəyik. Dezinfeksiyaedici maddələr əllərimizi virusdan qoruduğu kimi, “SaNOtize” spreyi də yuxarı tənəffüs yollarını virusdan müdafiə edir. Virusa yoluxmaq ehtimalı olan şəxslər spreyi burun boşluğuna püskürdərək yuxarı tənəffüs yollarını təmizləyəcəklər. Virus ciddi xəstəliyə gətirib çıxarana qədər onu məhv etmək mümkün olacaq”.
COVİD-19 infeksiyası ilə bağlı aparılan tədqiqatlar göstərib ki, virus hava-damcı yolu ilə burundakı selikli qişaya daxil olur. Sonra orada çoxalaraq burunda ifraz olunan maye ilə aşağı tənəffüs yollarına, oradan da bütün orqanizmə yayılır.
Mənbə: Jpost.com