İspaniyanın Pompeu Fabra Universitetinin və Böyük Britaniyanın Oksford Universitetinin alimləri dünyanın 42 ölkəsində koronavirus infeksiyasına görə baş vermiş 301 min 377 ölüm hadisəsinin insanların orta ömür həddini nə qədər azaltdığını hesablayıblar.
Novator.az-ın məlumatına görə, alimlər bu ölümlərin orta ömür həddini 14,5 il azaltdığı qənaətinə gəliblər.
Koronavirus olmasaydı 301 min 377 adam hələ neçə il yaşayardı? Alimlər bunu da hesablayıblar və belə qənaətə gəliblər ki, virus olmasaydı 301 min 377 adam indən belə ümumilikdə 4 milyon 364 min 326 il yaşaya bilərdi.
Bu o deməkdir ki, virusa görə baş vermiş 301 min 377 ölüm hadisəsi insan ömrünün 4 milyon 364 min 326 ilini məhv edib.
Alimlər bildiriblər ki, koronavirus ucbatından itirilən ömür illəri mövsümi qripə görə itirilən illərdən 2-6 dəfə çoxdur.
Bu statistikanı təqdim edən “Le Temps” qəzeti (İsveçrədə fransız dilində nəşr olunur) yazır ki, koronavirusun fəsadlarını təkcə ölümlə hesablamaq da olmaz, bu virusa yoluxan, amma sağ qalan adamların, xüsusilə xəstəliyi ağır keçirənlərin çəkdiyi əzab-əziyyət, xəstəliyin onların səhhətinə vurduğu, bir qismi hələ gələcəkdə də hiss olunacaq zədələr var və onlar da nəzərə alınmalıdır.
“Le Temps” yazır ki, alimlər hələlik COVİD-19-dan sağalmış insanların neçə faizinin gələcəkdə xəstəlikdən qalma fəsadlarla qarşılaşacağını deməyə çətinlik çəkirlər. Bununla belə infeksiyanın ürəyə, ağ ciyərə, beyinə göstərdiyi mənfi təsirlərin tezliklə aradan qalxmayacağı bəllidir.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyasına indiyədək dünyada 98 milyondan çox adam yoluxub, onlardan 2 milyon 100 min nəfərdən çoxu vəfat edib.
Mənbə: Letemps.ch