Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənməsi haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Türkmənistana səfər edən xarici işlər naziri Ceyhun Bayramov həmkarı, Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredovla birgə rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, imzalanma zamanı Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov video formatında bir araya gəliblər.
İlham Əliyev Azərbaycan və Türkmənistanın ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənməsi üzrə birgə işə başladığını vurğulayıb: “Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.
Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.