Estoniya prezidenti Kersti Kaliyulayd Rusiyadan növbəti ağlasığmaz təhlükəli gedişlər gözləyir.
Novator.az-ın məlumatına görə, Estoniya prezidenti bunu Finlandiyanın “MTV Uutiset” kanalına müsahibəsində açıqlayıb.
O bildirib ki, get-gedə beynəlxalq aləmdə nüfuzunu itirən Rusiya daha dünya düzəninə əvvəlki kimi təsir edə bilmir. Kersti Kaliyulaydın fikrincə, bunu Rusiya hakimiyyəti özü də yaxşı anlayır və məhz bu səbəbdən Rusiya xüsusilə Baltik dənizi bölgəsində gözlənilməz gedişlər edə bilər: “Rusiya öz iqtisadi gücünün əvvəlkindən fərqli olduğunu, zəiflədiyini başa düşür. Bu ölkə iqtisadi baxımdan pis vəziyyətdədir, inkişafdan söz gedə bilməz. Rusiya iqtisadiyyatını müasir iqtisadiyyat adlandırmaq mümkün deyil. Ona görə Rusiya hakimiyyəti hələ on beş-iyirmi il ərzində də təhdidlərə, ağlasığmaz təhlükəli gedişlərə can atacaq. Beynəlxalq siyasətin yaratdığı imkanlara açılan qapı Rusiyanın üzünə bağlanır. Belə bir vəziyyətdən çıxmaq üçün isə Rusiyaya təcili, həm də ucuz, tez başa gələn və proqnozlaşdırılması mümkün olmayan vasitələr lazımdır”.
Prezident Kersti Kalıyulayd qeyd edib ki, Rusiyadan qorunmaq üçün Finlandiyanın, Estoniyanın konkret hansı qabaqlayıcı tədbirlər görməli olduğunu söyləmək çətindir. Çünki Rusiyanın addımlarını proqnozlaşdırmaq olmur. Dövlət başçısı buna misal kimi son illərdə baş verən bəzi hadisələri xatırladıb: “Gürcüstanda, Ukraynada nələr baş verdi – bunları öncədən düşünmək olardımı? Britaniyanın Solsberi şəhərində Skripalların zəhərlənəcəyini kim ağlına gətirə bilərdi? Yaxud Aleksey Navalnının zəhərlənəcəyini düşünə bilərdikmi? Təbii ki, yox”.
Kersti Kaliyulayd hesab edir ki, əslində Rusiyanın atacağı addımları proqnozlaşdırmağa cəhd göstərməyin, oturub bunun üstündə baş sındırmağın da bir faydası yoxdur: “Sadəcə yeni gözlənilməz hadisələrlə üzləşə biləcəyimizi anlamalıyıq. Onlar bizim vərdiş etdiyimiz dünya düzənini zor gücünə öz maraqları istiqamətinə yönəltməyə çalışacaqlar”.
Mənbə: Mtvuutiset.fi