Rusiyalı müxalif lider Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. O, şərti həbs cəzası qaydalarını pozmaqda ittiham olunur.
Aleksey Navalnı yanvarın 17-si Almaniyadan vətənə qayıdan kimi Moskvanın Şeremetyevo aeroportunda tutulub.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
2020-ci il avqustun 20-də Aleksey Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli yazır ki, Aleksey Navalnının həbsi dünyanı ayağa qaldırıb: “Dünyanın demokratik qüvvələri bu həbsə dərhal və sərt reaksiya verdilər. ABŞ hökuməti Navalnının dərhal azad edilməsini tələb etdi. Dövlət katibi “Özünə arxayın liderlər rəqiblərinin səsini zorla kəsmir. Biz Navalnının həbsini qətiyyətlə pisləyir və onun azad olunmasını tələb edirik” deyib. Yeni seçilmiş prezident Co Baydenin administrasiyasında milli təhlükəsizlik müşaviri postuna təyinat alacaq şəxs də eyni reaksiya göstərib.
Avropa İttifaqının rəhbərləri Navalnın həbsini pisləyən və onun azadlığa buraxılmasını tələb edən bəyanatlar səsləndirib, Avropa Parlamenti məsələni müzakirəyə çıxaracaq.
NATO baş katibi, Almaniya kansleri, Fransa və Böyük Britaniya Xarici İşlər nazirliklərindən etirazlar gəlib, dünyanın bütün nüfuzlu mətbuat orqanları Navalnı hadisəsini əsas xəbər kimi veriblər.
Ötən gün məhkəmə Aleksey Navalnını 30 sutka müddətində həbs edib. Bu qərar ilkin qərardır. Əsas məhkəmə yanvarın 29-da olacaq. O vaxta qədər Kreml hesablayacaq ki, daxili və beynəlxalq təzyiqlər fonunda Navalnını uzun müddətə həbs etsin, yoxsa bu 30 sutka ilə kifayətlənib təzyiqləri yumşaltsın, beynəlxalq təzyiqlər sanksiyalara çevrilməmiş problemi həll etsin”.
AXCP funksioneri Fuad Qəhrəmanlı qeyd edir ki, Aleksey Navalnının həbsi Rusiyada dəyişiklik istəyən əksər narazı qüvvələri onun liderliyi ətrafında təmərküzləşdirəcək: “Navalnının həbsinə görə Qərbdən gələcək sanksiyalar prezident Vladimir Putinin hakimiyyətini zəiflədib ölkədə sosial narazılıqların genişlənməsinə zəmin yaradacaq.
Navalnı əzabkeş, xalq üçün məhrumiyyətlərə dözən lider obrazı ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha böyük populyarlıq qazanacaq, Putin isə Rusiya ictimai rəyində rəqibindən qorxan, özünə güvənməyən bir lider kimi xarizmasını sarsıdacaq”.
Siyasətçinin fikrincə, Navalnının indiki beynəlxalq şərtlər çərçivəsində həbsi Qərbə Putinin “Böyük Rusiya” vətənpərvərliyi ilə hasarlanmış rus ictimai rəyinə müdaxilə etmək və ölkə gündəminə insan haqları, demokratiya məsələlərini gətirmək imkanı verir.