Ötən ilin avqustunda Rusiyada zəhərlənən, iki gün Omsk şəhərində xəstəxanada yatandan sonra koma vəziyyətində Almaniyaya müalicəyə aparılan, bir ay sonra müalicəsini başa vurub xəstəxanadan çıxan müxalif siyasətçi Aleksey Navalnı vəd etdiyi kimi 2021-ci il yanvarın 17-də vətəninə qayıdıb və Rusiyanın hüquq mühafizə orqanları da əvvəlcədən xəbərdar etdiyi kimi dərhal onu həbs edib.
Novator.az xəbər verir ki, Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva vilayətində anadan olub. Atası hərbçi, anası iqtisadçıdır. Onların ailə biznesi var.
Aleksey 1993-cü ildə Moskva vilayətində orta məktəbi, 1998-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin (Moskva şəhəri) hüquq fakültəsini bitirib.
Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında (1999-2001-ci illər), ABŞ-ın Yel Universitetində (2010-cu il) təhsil alıb.
Bir müddət bank sistemində çalışan, ayrı-ayrı kommersiya firmalarına rəhbərlik edən Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.
O, 2000-ci ildən Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) üzvü olub, təşkilatın müxtəlif strukturlarına rəhbərlik edib. 2007-ci ildə daxili ziddiyyətlər üzündən bu partiyadan çıxarılıb.
2004-cü ildə Aleksey Navalnı korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub.
2005-ci ildə “DA!” gənclər hərəkatının, 2007-ci ildə “Xalq” hərəkatının yaranmasında iştirak edib.
2011-ci ildə Rusiya Dövlət Dumasına seçkilər vaxtı və ondan sonra Aleksey Navalnı hakimiyyətə qarşı kütləvi aksiyaların əsas təşkilatçılarından olub.
2013-cü ildə Moskva meri seçkisində iştirak edib, ikinci yeri tutub.
2018-ci ildə Rusiyada prezident seçkisində iştirak etmək istəsə də, Mərkəzi Seçki Komissiyası məhkumluğu olduğunu əsas gətirərək onun namizədliyini qeydə almayıb.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.
Navalnı “Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vurub.
Bir müddət sonra o, Avropada bəyan edib ki, Rusiyaya – vətəninə qayıdacaq.
Bu bəyanatdan dərhal sonra Rusiyada Navalnıya qarşı cinayət işinə başlanıb. O, şərti həbs cəzası qaydalarını pozmaqda ittiham olunur.
Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.
Navalnı əvvəlkilər kimi yeni ittihamı da qurama sayır.
O, 2021-ci il yanvarın 17-də vətəninə qayıdarkən bir daha bəyan edib ki, heç bir qanunu pozmayıb, özünü qətiyyən təqsirli bilmir və yeni cinayət işi onu qorxudub Rusiyaya qayıtmaqdan çəkindirmək məqsədi güdür.
44 yaşlı siyasətçi Berlindən Moskvaya uçarkən təyyarədə jurnalistlərə deyib ki, qorxmur və əslində həbs olunacağına da inanmır.
Navalnının olduğu təyyarə Moskvanın Vnukovo aeroportuna enməli olsa da, son anda Şeremetyevo aeroportuna enib. Rəsmilər bunu texniki səbəblə izah etsələr də əsl məqsədin müxalif siyasətçini Vnukovoda təntənəli qarşılamağa hazırlaşan tərəfdarlarının planını pozmaq olduğu bildirilir.
Təyyarənin Şeremetyevo aeroportuna enməsinə baxmayaraq hüquq mühafizə orqanları Vnukovo aeroportu qarşısında sərt əməliyyat keçirib, Navalnının bir neçə tərəfdarı saxlanıb.
Aleksey Navalnı Şeremetyevo aeroportunda pasport yoxlamasından keçdiyi vaxt həbs edilib. Həbsindən bir neçə dəqiqə qabaq o üzünü jurnalistlərə tutaraq deyib: “Mən qorxmuram. Haqlı olduğumu, mənə qarşı cinayət işinin qondarma olduğunu bilirəm”.
İrəli sürülən ittihamla müxalif siyasətçini 3 il yarım həbs cəzası gözləyir.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
O, evlidir. Bir qızı (2001-ci il təvəllüdlü), bir oğlu (2008-ci il təvəllüdlü) var.
Aleksey Navalnının həyat yoldaşı Yuliya evdar qadındır. Alekseyin siyasi fəaliyyətində ona dəstək verir, amma işlərinə qarışmır.