Qənimət Zahid
Kapitulyasiya sözü ətrafında ciddi manipulyasiyalar gedir. Hətta cəmiyyətdə müəyyən etimadı olanlar da boz təbliğatın təsiri altına düşüb Ermənistana münasibətdə bu sözü işlədir.
Əlbəttə, 44 günlük savaşda Ermənistanın tam kapitulyasiyası üçün cəmi bir neçə gün, hətta ola bilsin, cəmi bir neçə saat qalırdı. Azərbaycan Ordusu düşmənin kapitulyasiyası üçün mümkün olanları etmişdi. Siyasi rəhbərlik ya bu kapitulyasiyanı təmin etməli, ya da bu iş orduya həvalə olunmalı idi. Bu baş vermədi, Ermənistan kapitulyasiyadan xilas edildi.
Kapitulyasiya – hərbi əməliyyatların o mərhələdə dayandırılması deməkdir ki, məğlub tərəf qalib tərəfin bütün şərtlərini yerinə yetirməklə sülh müqaviləsi imzalayır. Bu terminin ətrafında saxta şərhlərə ehtiyac yoxdur, çünki hərbi-siyasi lüğətlərdə, ədəbiyyatlarda kapitulyasiyanın nə demək olduğu dəqiq və aydın qeyd edilir, eləcə də dünyanın hərb tarixində bunun çoxlu örnəyi var. Necə deyərlər, həm nəzəri, həm də praktik nümunələr var və buna görə 44 günlük savaşdan sonrakı durumu kapitulyasiya kimi dəyərləndirmək üçün hansı əsasların olduğuna bir az diqqətlə və məsuliyyətlə yanaşmaq lazımdır.
Siyasi ədəbiyyatda kapitulyasiya sözü (kapitulation) – hərbi əməliyyatlar zamanı məğlub tərəfin silahını təhvil verməsi, qalib tərəfin şərtlərini qəbul etməsi kimi keçir. 1907-ci ildə qəbul edilən Haaqa Konvensiyası kapitulyasiyadan əvvəlki mərhələdə başlayan danışıqların mümkün qaydalarını tənzimləyir. Sonrakı dövrlərdə də kapitulyasiya şəraiti ilə bağlı çoxlu sənəd tərtib edilib, qaydalar müəyyən edilib. Kapitulyasiya aktı nə sayılır? Döyüşən tərəflər arasında bağlanan son müqavilə və bu müqavilədə qalib tərəfin tələb etdiyi bütün şərtlərin qəbul edilməsi!
Qalib tərəfin şərtləri nədən ibarət ola bilər? Müharibəni doğuran şərtlərin və şəraitin müəyyənləşməsində məğlub tərəfin hansı iddiaları yer alıbsa, həmin iddialardan tam imtina edilməsi. Yəni məğlub tərəf savaşın səbəbi olan iddialarının əsassız olduğunu rəsmən qəbul edir, bunu öz imzası ilə ikitərəfli sənəddə təsdiqləyir.
Azərbaycanla Ermənistan arasında belə bir sənəd – kapitulyasiya sazişi imzalanmayıb. Hərbi əməliyyatlar üçüncü tərəfin müdaxiləsi ilə dayandırılıb. Üçüncü tərəfin (Rusiyanın) bu hərbi əməliyyatların, yəni müharibənin dayandırılması üçün məğlub və qalib tərəfə hansı şərtləri təklif etdiyi ilə bağlı heç bir məlumat yoxdur. 9 noyabr bəyanatı qalib və məğlub tərəflər üçün müharibənin səbəbi olan mübahisənin başa çatdığı barədə heç bir norma və öhdəlik müəyyən etmir. Həmin bəyanat ümumiyyətlə sülh sazişi deyil, hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı öhdəliklərə daha çox bənzəyir, münaqişə tərəflərinin hər ikisi üçüncü tərəf qarşısında öhdəliklərə imza atıblar. Bu sənəddə Azərbaycan qalib ölkə olaraq qeyd edilmir, təbii ki, Ermənistan da məğlub ölkə kimi göstərilmir. Bu sənəddə yazılmır ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisinə cəlb edərək müharibənin tərəfi olub. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi və müharibənin məğlub tərəfinin bunu qəbul etdiyi ilə bağlı heç bir bənd yoxdur.
Əlbəttə, bu cür hallarda vasitəçilərin olması normaldır. Bizim situasiyada üçüncü tərəf vasitəçi deyil, təminatçıdır. Rusiya üçüncü tərəf olaraq qalıcı sülhün vasitəçisi rolunda çıxış etsəydi, o zaman gərək Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında təkid edəydi. Belə bir müqavilə yoxdur. Belə bir müqavilə yoxdursa, bu o deməkdir ki, Ermənistan Azərbaycan qarşısında təslim olduğunu hər hansı sənədə imza atmaqla təsdiq etməyib və 9 noyabr bəyanatını da müvəqqəti atəşkəs sənədi kimi qəbul edib.
Kapitulyasiya sənədində qalib tərəf məğlub tərəfin silahlı qüvvələrinin bundan sonrakı kvotasını, məğlub ölkənin siyasi həyatının əsas konturlarını müəyyən edə, kontribusiya tələb edə, müharibə cinayətkarlarının cinayət məsuliyyətinə cəlb edilməsini təmin edə bilər. Konkret olaraq bizim halda Ermənistanın düşdüyü durumu kapitulyasiya adlandırmaq üçün çatışmayan mühüm məsələlər var. Məğlub tərəf müharibənin başlıca səbəbi olan iddiasından rəsmən imtina etməyib, qalib tərəf də bu iddianın əsaslarını ləğv edə bilməyib. Məğlub tərəf qalib ölkənin ərazi bütövlüyünü rəsmən tanımayıb, əksinə, qalib ölkənin ərazisi daxilində siyasi quruluşun yenidən müəyyən edilməsi ilə bağlı tələblərini qüvvədə saxlayıb. Məğlub tərəf hərbi əməliyyatlar üçün hər hansı məsuliyyət daşıdığını istər sözdə, istər əməldə göstərməyib, əksinə, sanki mükafatlandırılaraq özünü blokadadan çıxarmağa nail olub. Bizim halda qalib ölkə məğlub ölkənin əsas kommunikasiya xətlərini öz ərazisində keçirmək öhdəliyini götürüb, üstəlik, bu kommunikasiya xətlərinin bərpası üçün maliyyə vəsaitləri də ayıracaq !
Hərbi əməliyyatların birinci mərhələsində, yəni oktyabr ayının 8-nə doğru artıq bəlli idi ki, qarşı tərəf uduzur. Yəni məğlub tərəf üçün şərtlərin hazırlanması və müharibənin sonunu gətirməli olan danışıqlarda masanın üzərinə qoyulacaq sənədlərin hazırlanması bizim işimiz idi. Yəni Azərbaycan diplomatiyasının. İkinci Dünya savaşının gedişində Hitler Almaniyasının kapitulyasiyası üçün şərtlərin ilk variantını hələ 1944-cü ilin yayında Avropa Məşvərət Komissiyası adlı qurum hazırlamışdı. Müharibənin başa çatmasına 1 il qalmış ! Üçüncü Reyxin kapitulyasiyası da həmin sənədin imzalanması ilə baş verdi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin nəticələrini isə məğlub tərəfin hərbi-strateji müttəfiqi olan üçüncü tərəf hazırladı və hər iki tərəfə qəbul etdirdi. Üstəlik, qeyri-bərabər şərtlərlə: məğlub edilmiş ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması tələbinin “unudulması” ilə. Bu, Azərbaycan dövlətinin qüruruna həqarət sayıla bilər və Azərbaycanın siyasi rəhbərliyi də bunu həzm etdi. Baxmayaraq ki, əzici üstünlüklə qalib tərəf idi.
Bir daha qeyd edək : kapitulyasiya – hərbi əməliyyatların o mərhələdə dayandırılması deməkdir ki, məğlub tərəf qalib tərəfin bütün şərtlərini yerinə yetirməklə sülh müqaviləsi imzalayır. Azərbaycan özünün bütün şərtlərini qəbul etdirə bilibmi ? Ən başlıcası, ölkənin ərazi bütövlüyünün bundan sonra mübahisələndirilməsi perspektivlərini yox edə bilibmi?
“Bura qədər gələ bildik”, “Rusiya bundan artığına imkan vermədi “ kimi demoqogiyalar yersizdir. Hərçənd “Rusiya bundan artığına imkan vermədi” arqumentinin özü də üçüncü tərəfin qarşısında məğlubiyyətin dolayı etirafıdır.
Azərbaycan hərbi qələbə qazanıb, bunu siyasi qələbəyə çevirmək üçün siyasi iradə gərək idi və faktor çatışmadığına görə məğlub ölkənin kapitulyasiyasına nail olmayıb…
Müəllifin başqa yazısı: