Yanvarın 18-i Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsi açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev tədbirlərdə iştirak edib.
Arayışa görə, sulfat turşusu istehsalı zavodunun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Müəssisədə ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.
Şüşə tara məhsullarının (butulka) istehsalı zavodunun investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
Vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək.
İlham Əliyev Azərbaycan Televiziyasına müsahibədə deyib ki, vərəqə şüşə istehsalı zavodunun təməlini 2017-ci ildə qoyub: “100 milyon avroluq bu böyük layihə bizi vərəqə şüşələrin idxalından azad edəcək. Bu o deməkdir ki, valyuta ölkəmizdə qalacaq, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək. Biz hətta dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. Valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib.
Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olub, bizdə də həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olub. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması – bütün bu amillər bugünkü yeni reallığı yaradıb”.
Dövlət başçısı qeyd edib ki, işğaldan azad edilmiş torpaqların potensialından istifadə olunacaq: “Orada çox böyük potensial – bərpa olunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni bu bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək.
Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı fikirlərim var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.