Yanvarın 18-də Ermənistanın səhiyyə naziri dəyişib. Novator.az-ın məlumatına görə, Arsen Torosyanı Anait Avanesyan əvəzləyib. Bu təyinata qədər Anait Avanesyan səhiyyə nazirinin müavini idi.
Yeniliyi baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Armen Sərkisyan rəsmiləşdirib.
Səhiyyə naziri vəzifəsini 2018-ci il mayın 10-dan tutmuş Arsen Torosyan baş nazir aparatının rəhbəri postuna təyinat alıb.
Ötən ilin noyabr ayında Nikol Paşinyanın hökumətində xarici işlər naziri, müdafiə naziri, fövqəladə hallar naziri, iqtisadiyyat naziri, əmək və sosial məsələlər naziri, elm, təhsil, mədəniyyət və idman naziri dəyişib.
Ermənistan hökumətində baş nazirin müavini postlarını Tiqran Avinyan və Mger Qriqoryan tuturlar.
Ara Ayvazyan xarici işlər naziri, Vaqarşak Arutyunyan müdafiə naziri, Rustam Badasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Atom Cancuqazyan maliyyə naziri, Akob Arşakyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ərazi idarəçiliyi və infrastruktur naziri, Mesrop Arakelyan əmək və sosial məsələlər naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziridir.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. Hökumətə 2018-ci il mayın 8-dən başçılıq edir.
Mənbə: Armeniasputnik.am