“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəçiliyinə verilir. Sərəncamı yanvarın 16-da prezident İlham Əliyev imzalayıb.
Nazirlər Kabinetinə müqavilə bağlanmasını iki ay müddətində təmin etmək və onu təsdiqləmək tapşırılıb.
İki ay müddətində lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə təkliflər də hazırlanmalıdır.
Novator.az-ın məlumatına görə, dövlətə məxsus “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Türkiyə şirkətinə idarəetməyə verilməsini şərh edən iqtisadçı Rövşən Ağayev yazır ki, Hesablama Palatası hər il büdcə rəylərində “Azərlotereya”nın imkanına, daha çox mənfəəti olmasına baxmayaraq büdcəyə proqnozlaşdırılan dividendi tam həcmdə ödəmədiyini vurğulayıb: “Məsələn, 2014-də ümumiyyətlə dividend ödənməyib. 2015-2019-cu illərdə 8,4 milyon manat proqnozlaşdırılıb, amma cəmi 3,5 milyon manat ödəniş qeydə alınıb.
Nəticədə ödəmədiyi dividendlər yığılıb “Azərlotereya”nın maliyyə hesabatında az qala 8 milyon manatlıq bölüşdürülməmiş mənfəət maddəsinə çevrilib. İndi bu şirkəti idarəetməyə verərkən heç olmazsa həmin bölüşdürülməmiş mənfəəti ödəmədiyi dividendlər hesabına dövlət büdcəsinə köçürmək gərəkdir.
Türkiyənin Milli Piyango İdarəsinin fəaliyyəti ilə müqayisə edəndə bizdə milli lotereya fəaliyyətinin nəticələrindən dövlətə sadəcə qəpik-quruş ödənib. 2019-cu il hesabatına görə, Milli Piyango İdarəsi satışdan əldə etdiyi ümumi gəlirin 82,5%-ni (1 milyard 438 milyon lirə) müxtəlif vergilər (ƏDV, mənfəət, dividend, şans oyunları vergisi və s.) formasında dövlət xəzinəsinə köçürüb.
“Azərlotereya” isə 2019-cu ildə 25,1 milyon manatlıq gəlirin cəmi 20%-i həcmində (4 milyon 965 min manat) ödəniş edib. İctimai maraqlar baxımından belə səmərəsiz, özəl şirkət kimi daha çox şəxsi cibə işləyən şirkəti dövlət idarəetməyə versə yaxşıdır. Amma idarəetməyə verilmənin şərtləri, formaları bir ayrı mövzudur”.