Yanvarın 18-də Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya başlanıb.
Prosesə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Nazirlər Kabineti bu il yanvarın 16-da Azərbaycanda COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasını təsdiqləyib.
Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanlarının epidemiya əleyhinə tədbirlərə cəlb olunan heyəti peyvənd olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində başlanan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, nazirin müavinləri Viktor Qasımov, Elsevər Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı, birliyin departament müdiri Yaqut Qarayeva peyvənd olunublar.
Azərbaycan vətəndaşları Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVac” vaksini ilə peyvəndlənirlər.
Nazir Oqtay Şirəliyev mediaya açıqlamasında deyib ki, dünyada bir neçə müasir şirkət COVİD-ə qarşı vaksin istehsal edib: “Bütün ölkələr də öz əhalisini vaksinasiyadan keçirmək istəyir. Əksər ölkələrə növbə ilin sonuna, bəlkə də gələn ilə çatacaq, bundan tez olmayacaq. Lakin bizim ölkə rəhbərinin nüfuzu sayəsində demək olar ki, bütün firmalarla danışıqlar aparılıb. İstehsal olunan vaksinlərin xüsusiyyətləri, keyfiyyəti dəqiq öyrənilib. Mütəxəssislər də qərara gəldilər ki, Azərbaycan üçün ən yaxşısı Çinin “Sinovac” şirkətinin vaksinidir. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur”.
Nazir qeyd edib ki, “Sinovac” şirkətinin vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb: “Onun mənfi təsiri olmayıb. Bu, ən vacib məsələ idi. Ölkə rəhbərinin də tapşırığı o idi ki, ilk növbədə vaksin təhlükəsiz olmalıdır.
İkinci məsələ isə vaksinin kifayət qədər effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli nəticələr əldə olunub. Lakin vaksin çox effektlidir. Vaksin vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, amma onlar bu xəstəliyi çox yüngül keçirirlər. Bunların hamısı nəzərə alınaraq “Sinovac” şirkətinin vaksini seçildi”.
Vaksinasiya strategiyası təsdiqlənib
Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”