Prezident, ali baş komandan İlham Əliyev Şuşa şəhərinə 14 yanvar səfərində hərbçilərlə görüşüb. O deyib ki, Azərbaycan 2020-ci il noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək parlaq qələbə qazanıb: “Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirib.
Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.
Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.
Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad ediblər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılıb.
Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.
Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq.
Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun ali baş komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun ali baş komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.
Dövlət başçısının Şuşa səfərindən məlumatı, o cümlədən çıxışlarının mətnini AZƏRTAC yayıb.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox yaşayış məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Müharibədə Azərbaycan 3 min nəfərə yaxın şəhid verib.
Noyabrın 8-də azad olunan Şuşa şəhəri 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.