Prezident İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
AZƏRTAC-ın 15 yanvar məlumatına görə, həmin gün dövlət başçısı xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşa şəhərinə də baş çəkib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox yaşayış məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Şuşa şəhərinə yeni yol prezident İlham Əliyevin sərəncamı ilə çəkilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun uzunluğunun 101,5 kilometr olacağını açıqlayıb.