Yanvarın 14-də Baş Prokurorluğun rəsmi məlumatı yayılıb. Bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin xərclənməsi zamanı üzə çıxan qanun pozuntuları ilə əlaqədar cinayət işinin istintaqını aparır: “Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun icraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib: “Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinə yaşayış evlərinin tikintisi üçün 2013-2019-cu illərdə dövlətdən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirtmək, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, həmçinin vəzifə saxtakarlığı törədib”.
Məlumata görə, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün ofisi ağır şərtlərlə icarəyə götürüb, 2011-2019-cu illər ərzində 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub: “Həmçinin Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlətdən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.
Vüqar Səfərli kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Novator.az bildirir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009, 2013 və 2017-ci illərdə prezident İlham Əliyev Vüqar Səfərlini qurumun icraçı direktoru təyin edib.
1958-ci ildə doğulan Vüqar Səfərli Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Moskva Rabitə İnstitutunu bitirib.
Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin Qəzet-Jurnal Ekspedisiyası İdarəsinin rəisi, “Azərmətbuatyayımı” İstehsalat Birliyinin sədri olub.
2020-ci il aprelin 4-də prezident Vüqar Səfərlini icraçı direktor vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.
2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılıb. Bu quruma Əhməd İsmayılov icraçı direktoru təyin edilib.
KİV-in fondu: iş prokurorluğa gedib