Əməkdar hüquqşünas İlham Rəhimov “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin 13 yanvar sərəncamında təltif İlham Rəhimovun Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ilə əsaslandırılıb.
Novator.az bildirir ki, yanvarın 14-də İlham Rəhimovun 70 yaşı tamam olur.
1951-ci ildə Tovuz rayonunda doğulan İlham Rəhimov Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin hüquq fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri doktoru, professordur.
Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik elmi işçisi, Ədliyyə Nazirliyinin Qanunvericilik İdarəsinin rəisi, Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində çalışıb, müxtəlif ali məktəblərdə dərs deyib, Ali Diplomatiya Kollecinin (indiki Avrasiya Universitetinin) elmi işlər üzrə prorektoru olub.
Elmi məqalələr, monoqrafiyalar, kitablar müəllifidir.
İlham Rəhimov Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı, dostudur.