Nazirlər Kabineti dövlətdən maliyyələşən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemini yeniləyib. Novator.az bildirir ki, qərara görə, 2021-ci il oktyabrın 1-dən dövlət vəsaiti hesabına maliyyələşən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu tətbiq olunacaq.
Sənəddə Fövqəladə Hallar Nazirliyinə bir çox tapşırıq yer alır. Onların arasında 2021-ci il martın 1-dək tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların təsdiqi; tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları almaq üçün sorğuların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tikinti üçün dəmir yolu nəqliyyatı vasitəsilə yükdaşımaların cari qiymətləri səviyyəsində tariflər barədə məlumatları almaq üçün sorğuların “Azərbaycan Dəmir Yolları”na təqdim olunması da var.
Nazirlik həmçinin tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə 1 maşın-saatın dəyərinin müəyyən edilməsinə aid məlumatların (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) hazırlanmasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsinə, tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, resursların cari qiymətlərinin sistemləşdirilməsi, smeta qiymətlərinin müəyyənləşdirilməsi və təsdiq edilməsi işlərinə məsuldur.
Qərara əsasən, resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırılmış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli mütəxəssisləri daxil olmaqla müşahidə qrupu yaradılmalıdır.