Yanvarın 12-də prezident İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılmasına fərman verib. Fərmana görə, Medianın İnkişafı Agentliyi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəliklərinə, habelə əmlakına sahib çıxır.
Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentliyin rəsmi adı tam halda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, qısaldılmış halda MEDİA-dır.
Qurumun fəaliyyət istiqamətləri sırasında onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək; çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək kimi məsələlər də var.
Agentliyin nizamnamə fondu 285405 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti prezidentin vəzifəyə təyin etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
Cari rəhbərlik prezidentin vəzifəyə təyin etdiyi icraçı direktorun səlahiyyətindədir.
Prezident Administrasiyasına “Media haqqında” qanun layihəsini iki ay müddətində hazırlamaq tapşırılıb.
Agentliyin işçilərinin say həddi və onların əmək haqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflər bir ay müddətində prezidentə təqdim olunmalıdır.
Yanvarın 12-də prezident həmçinin sərəncam imzalayaraq Əhməd Məhəmməd oğlu İsmayılovu Medianın İnkişafı Agentliyinin icraçı direktoru təyin edib. Əhməd İsmayılov 2020-ci il aprelin 4-dən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru idi.
Novator.az bildirir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009-2020-ci illərdə qurumun icraçı direktoru postunu Vüqar Səfərli tutub.
Əhməd İsmayılov 1980-ci ildə doğulub. Bakı Dövlət Universitetini hüquqşünas, Dövlət İdarəçilik Akademiyasını dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları ilə bitirib.
Bakı Neft Energetika Kollecində müəllim, Ombudsman Aparatının vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, Nəqliyyat Nazirliyinin hüquq şöbəsində baş məsləhətçi vəzifələrində işləyib.
Dövlət Dəniz Administrasiyasında hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, aparat rəhbəri postlarında çalışıb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini olub.