Yanvarın 11-i Moskvada bir araya gələn Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bəyanat imzalayıblar.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılır.
İşçi qrup 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, nəzərdə tutulan işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını, həmçinin hər üç tərəf arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək.
Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə həmsədrlər bu istiqamətlər üzrə tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan və Ermənistanın həyata keçirdiyi, yerinə yetirilməsi zamanı ərazilərin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Razılaşma həmçinin Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlı mərkəz yaradılmasını, hərbi əsirlərin, girovların, həlak olanların meyitlərinin dəyişdirilməsini, köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasını, bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.