AZƏRTAC Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-i Moskvada keçirdiyi görüşdən ilkin məlumat yayıb. Qeyd olunur ki, görüşdə çıxış edən Vladimir Putin Rusiyanın 2020-ci ilin payızında alovlanmış silahlı münaqişəni həyəcanla və narahatlıqla izlədiyini vurğulayıb: “Genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb. Sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmisiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparıblar. Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq.
Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən və hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.
Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı. Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.
Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.
Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.
Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. 48 mindən çox insan Qarabağa qayıdıb. Əsirlər və həlak olanların meyitləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.
Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.
Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.
Bu gün 9 noyabr bəyanatında göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.
Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrup məşğul olacaq.
Ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işgüzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız bunda maraqlıyıq”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb, 1991-ci ildən təcavüz şiddətlənərək müharibəyə çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və Dağlıq Qarabağ ətrafındakı bölgələri tutub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.