Yanvarın 11-i Rusiyanın paytaxtı Moskvada bu ölkənin prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcəklər. Üçtərəfli görüşdə ötən il noyabrın 10-na keçən gecə əldə edilmiş razılaşmanın həyata keçirilməsi müzakirə olunacaq. Rusiya prezidentinin 10 yanvar məlumatında qeyd olunur ki, əsas diqqət hərbi əməliyyatlardan zərər çəkmiş əhaliyə yardım göstərilməsi, yolların açılması, iqtisadi münasibətlərin və ticarət əlaqələrinin inkişafı məsələlərinə yönəldiləcək.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbəsi və kəndi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgəni Ermənistanla birləşdirən Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Razılaşma həmçinin Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlı mərkəz yaradılmasını, hərbi əsirlərin, girovların, həlak olanların meyitlərinin dəyişdirilməsini, köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasını, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, Ermənistan ərazisindən Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi açılmasını nəzərdə tutur.
Hazırda Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.