2020-ci ilin yekunlarına həsr olunmuş 6 yanvar müşavirəsində danışan prezident İlham Əliyev beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdiyi qiymətə də toxunub. Dünya Bankının biznes mühitini qiymətləndirən yeni hesabatından söz açan dövlət başçısı Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə olduğunu vurğulayıb: “Bizim işimizə ağız büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib.
Dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.
Novator.az-ın məlumatına görə, ABŞ-da çalışan iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, prezidentin tənqidçi iqtisadçılara iradı “BİZ – Birlik İnkişafa Zəmanətdir” vətəndaş təşəbbüsləri platformasının sonuncu verilişinin iqtisadi məsələlərə həsr olunmasından iki gün sonraya təsadüf edib. İqtisadçı məhz həmin verilişdə qaldırdığı məsələlərin və irəli sürdüyü təkliflərin narahatlıq doğurduğunu düşünür: “Prezidentin 6 yanvar açıqlaması islahatlara yox deməkdir, o deməkdir ki, hazırkı sosial-iqtisadi vəziyyət onu təmin edir və bundan sonra nələrisə dəyişmək planları yoxdur.
Biz iqtisadçılar istəyirik ki, korrupsiya ləğv edilsin, inhisarçılıq aradan qaldırılsın, gizli iqtisadiyyat leqallaşdırılsın, struktur yenilikləri və institusional islahatlar aparılsın, sosial ödənişlər artırılsın, xüsusi karantin rejimində aztəminatlı işsiz əhaliyə birdəfəlik yardım, sahibkarlara maliyyə dəstəyi göstərilsin. Görünür, Əliyev hakimiyyətinin bu problemlərin heç birini həll etmək niyyəti yoxdur.
İqtisadi və sosial sahədə həyata keçirilən dövlət siyasətinin nəticələrinə gəlincə, onu hər kəs ailə büdcəsində, özünün dolanışığında, soyuducusunda hamıdan əvvəl görür və qiymətləndirir. Odur ki, elin gözü tərəzidir”.
Qubad İbadoğlu qeyd edir ki, problemləri bilib inkar etmək həll yolu deyil: “Ən doğrusu debatlar olardı. Mən prezident İlham Əliyevin baş nazirini, iqtisadiyyat nazirini, maliyyə nazirini, əmək və əhalinin sosial müdafiəsi nazirini debata dəvət edirəm. Buyursunlar, təşkil etsinlər, istəsələr, komanda şəklində gəlsinlər, iqtisadiyyatdan danışaq. Mövzunu və formatı müəyyənləşdirməyi qarşı tərəfin üzərinə buraxıram”.