Novator.az saytı “Euronews” kanalının Rusiya, Ukrayna və Belarus hakimiyyətinin sərt tənqidçisi kimi tanınan, 2016-cı ildə öldürülən və indiyədək qatilləri tapılmayan jurnalist Pavel Şeremetin işi ilə bağlı yaydığı yeni xəbəri ingiliscədən çevirərərək təqdim edir.
Ukrayna polisi açıqlama verib ki, əllərində jurnalist Pavel Şeremetin qətlini törədənləri müəyyənləşdirmək üçün yeni sübutlar var.
Şeremet 2016-cı il iyulun 20-də Kiyevdə avtomobil idarə etdiyi vaxt bomba partlaması nəticəsində həlak olub. İndiyədək cinayətkarlar tapılmayıb.
Bugünlərdə Ukrayna Milli Polis Təşkilatı bu qanlı hadisə ilə bağlı sənədlər və səs yazıları əldə etdiyini açıqlayıb.
Polisin açıqlamasında deyilir: “İstintaqa əlavə etdiyimiz sənədlər və səs yazıları (sənədlərdə göstərilən ən son tarix 2012-ci ilə aiddir) cinayətkarları tapmaq baxımından əhəmiyyətlidir”.
Yerli hakimiyyət orqanları adı açıqlanmayan bir Avropa ölkəsində qətllə bağlı araşdırmaların davam etdirilməsi üçün səlahiyyət alıblar.
2019-cu ilin dekabrında Ukrayna Silahlı Qüvvələri ilə ölkənin şərqində rusiyapərəst separatçılar arasında gedən müharibənin 5 veteranı qətldə şübhəli bilinərək həbs olunmuşdu. Veteranlar cinayəti inkar etsələr də, Şeremetin yaxınları onlardan şübhələndiklərini deyirlər.
Ukrayna prezidenti Vladimir Zelenski istintaqdan şübhəlilər haqqında əsaslı və təkzibedilməz sübutlar ortaya qoymağı və qətlin əsl səbəbkarlarını tapmağı tələb edib.
Pavel Şeremet Rusiya, Belarus və Ukrayna hakimiyyətlərini olduqca sərt şəkildə tənqid edirdi. Belarus prezidenti Aleksandr Lukaşenkonun avtoritar rejiminə qarşı çıxan jurnalist ölkəni tərk etməzdən qabaq Belarusun dövlət televiziyasında çalışıb.
Sonra Rusiyaya gəlib, Rusiya vətəndaşlığı alıb, iki rus ictimai kanalı ilə əməkdaşlıq edib. 2014-cü ildə Rusiya müxalifətinə yaxınlaşandan sonra öz istəyi ilə işdən uzaqlaşıb. Daha sonra Kiyevə köçən Şeremet Ukraynanın hakim dairələri ilə yaxınlaşaraq Rusiya prezidenti Vladimir Putini tənqid etməyə davam edib.
Ukrayna polisi yeni səs yazılarını ölkənin Xarici Kəşfiyyat Xidmətinin köməyilə əldə etdiyini bildirib. Polisin açıqlamasında deyilir ki, səs yazılarında hələ kimliyi müəyyənləşməyən adamlar jurnalist Pavel Şeremeti hansı yolla qətlə yetirmək variantlarını müzakirə edirlər: “Müzakirələrdə jurnalisti ya toksik maddələrlə zəhərləmək, ya da bomba partlaması nəticəsində öldürmək variantları xüsusi vurğulanır”.
Mənbə: Euronews.com