İran İslam Respublikasının dini lideri ayətullah Əli Xameneyi ölkəyə ABŞ və Böyük Britaniyadan koronavirus peyvəndləri gətirilməsini qadağan edib.
Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, dini lider bu qərarını ictimaiyyətə yanvarın 8-də açıqlayıb.
O, televiziya ilə çıxışında deyib: “ABŞ və İngiltərə peyvəndlərinin İrana idxal edilməsi qadağandır. Bunu rəsmilərə bildirmişəm, indi də açıq şəkildə elan edirəm. Amerikalılar peyvənd istehsal edə bilsəydilər öz ölkələrində koronavirus bu həddə yayılmazdı”.
ABŞ-da koronavirus əleyhinə “Pfizer”-“BioNTech” və “Moderna” peyvəndləri, Böyük Britaniyada “Pfizer”-“BioNTech” və “Oxford/AstraZeneca” peyvəndləri tətbiq olunur.
“Pfizer”-“BioNTech” vaksinini ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti birgə hazırlayıb.
“Moderna” ABŞ-ın “Moderna” şirkətinin, “Oxford/AstraZeneca” vaksini isə Böyük Britaniya-İsveç şirkəti olan “AstraZeneca”nın istehsalıdır.
Korionavirusa yoluxmaların sayına görə ABŞ dünyada, Böyük Britaniya Avropada, İran Yaxın Şərqdə birinci yerdə durur.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası indiyədək dünyada 1 milyon 909 mindən çox adamın ölümünə səbəb olub.
2020-ci ilin dekabr ayının sonundan İranda yerli COVİD-19 peyvəndi üzrə kliniki sınaqlara başlanıb.
Ayətullah Xameneyi 8 yanvar çıxışında yerli vaksinləri inkişaf etdirmək səylərini yüksək qiymətləndirdiyini söyləyib. Eyni zamanda o, “başqa etibarlı yerlərdən” də peyvənd ala biləcəklərini qeyd edib.
Dini lider “başqa etibarlı yerlər” deyəndə hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb. Ancaq söhbətin Çin və Rusiya vaksinlərindən getdiyi daha çox ehtimal olunur.
Ayətullah Xameneyi çıxışında ötən əsrin 80-ci illərində baş vermiş “qan qalmaqalı”nı yada salaraq buna görə Fransaya da etibar edə bilmədiyini vurğulayıb.
1980-ci illərdə Fransanın qanköçürmə mərkəzi bilərəkdən HİV-ə yoluxmuş adamların qanını hemofiliyalı xəstələrə paylayıb. Nəticədə əsasən Fransa və ABŞ-da, qismən də Kanada, İran, İraq, İrlandiya, İtaliya, Yaponiya, Portuqaliya və Britaniyada insanlar HİV və Hepatit C-yə yoluxublar.
Mənbə: Reuters.com